Azərbaycan, Qəbələ, 9 may /Trend, müxbir C.Ələkbərov/
"Tour d'Azerbaidjan-2014" veloyürüşünün üçüncü mərhələsinə artıq yekun vurlub.
Trend-in məlumatına görə, ümumilikdə 180 km fəth edən idmançılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu ilə hərəkət ediblər.
Qəbələ rayon İcra Hakimiyyəti binasının qarşısında ilk finiş xəttini əlcəzairli Yusif Reqiqi keçib. Birinci yerin qalibindən azacıq geridə gələn isə sloveniyalı Matey Mureli olub. Danimarkalı Kristian Havqard Yansen isə finişə üçüncü çatıb.
Ümumi yarışmanın qalibi yenə də avstraliyalı Uilyam Klark olub və göy köynəyi özündə saxlayıb.
Qaliblər təyin edildikdən sonra mükafatlandırma mərasimi keçirilib və mükafatları sahiblərinə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.
Mükafatlandırma mərasiminin ardından jurnalistlər üçün mətbuat konfransı keçirilib. Konfransda üçüncü mərhələnin qalibi Yusif Reqiqi və 9 dəfə "Tour d'Frans"ın qalibi "Daşkənt terminatoru" ləqəbi ilə tanınan Cəmaləddin Abdulcafarov jurnalistlərin sullarını cavablandırıblar.
Y.Reqiqi qələbəsini bu cür şərh edib: "Yarışda yaxşı nəticə göstərəcəyimə inanırdım, amma marşrutun uzun və çətin olduğunu gördükdə ümidlərim azalmağa başladı. Sonda finiş xəttini birinci keçə bildim və sevincimin həddi-hüdudu yoxdur".
"Daşkənt terminatoru" C.Abdulcafarov isə azərbaycanlı idmançılara bunları tövsiyə edib: "Mən vaxtilə adi bir gənc oğlan idim. Ancaq bu gün bir başqa adamam. Ləqəbi qazanmaq üçün çox çalışmışam. Azərbaycan gənclərinə tövsiyəm budur ki, əllərindən gəldiyi qədər çalışsınlar və inanıram ki, yaxın zamanlarda bu ləqəbi qazana biləcəklər".
Qeyd edək ki, 4-cü mərhələ Qəbələ-İsmayilli-Şamaxı istiqamətində olacaq. Velosipedçilər 115 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.