Azərbaycan, Bakı, 10 may / Trend /
Mayın 7-də Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmiləri ilə yanaşı, Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş stolüstü tennis üzrə "TOP-12" turnirinin iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, abidələri önünə çiçək dəstələri düzüblər.
Trend Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının Mətbuat xidmətinə istinadən məlumat verir ki, Federasiyasının təşkilatçılığı ilə "Olimpik Star" İdman-Əyləncə Kompleksində mayın 8-də start verilmiş "TOP-12" turnirinə mayın 9-da yekun vurulub.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazıl Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, idman infrastrukturunun sürətlə yeniləndiyini qeyd edib, idmançılarımızın müxtəlif mötəbər yarışlarda uğurla çıxış etdiyini vurğulayıblar. Diqqətə çatdırılmışdır ki, hər il may ayında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş müxtəlif idman tədbirləri keçirilir. Bu gün başa çatan "TOP-12" turniri də bu qəbildəndir.
"TOP-12" turnirində Yarışda Bakı şəhəri "Neftçi" idman klubunun "Təhsil" Respublika İdman Mərkəzinin, "Aztelekom" İstehsalat Birliyinin, Bakı Tennis Məktəbinin, Qaradağ Uşaq və Gənclər İnkişaf Mərkəzinin (UGİM) idmançıları ilə yanaşı, Sumqayıt şəhəri UGİM-in, "Təhsil" Resurs və İnkişaf Mərkəzinin filialının tennisçiləri də iştirak ediblər.
Yarış şəxsi dərəcədə və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.
Turnirin qaliblərinə kubok, diplom və hədiyyələr təqdim edilib.