...

Altay Həsənov: "Bədii gimnastika üzrə Azərbaycan millisinin Avropa çempionatına hazırlığından çox razıyam"

İdman Materials 12 İyun 2014 14:08 (UTC +04:00)
Artıq üçüncü dəfədir ki, gimnastika üzrə Avropa çempionatı keçiririk, bir dəfə dünya çempionatı keçirmişik. Müəyyən təcrübə toplamışıq.
Altay Həsənov: "Bədii gimnastika üzrə Azərbaycan millisinin Avropa çempionatına hazırlığından çox razıyam"

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Mehdiyev/

"Artıq üçüncü dəfədir ki, gimnastika üzrə Avropa çempionatı keçiririk, bir dəfə dünya çempionatı keçirmişik. Müəyyən təcrübə toplamışıq. Ona görə keçən illərə nisbətən həqiqətən də bizim federasiyamızın işçiləri, kollektivi, ümumiyyətlə, Təşkilat Komitəsi artıq təcrübəyə malikdir". Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

A.Həsənov bildirib: "Bu dəfə Avropa çempionatının yüksək səviyyədə keçirilməsi üçün daha rahatıq, çünki çempionat üçün hər şey nəzərə alınıb".

Vitse-prezident bədii gimnastika üzrə Azərbaycan millisinin hazırlığından çox razı olduğunu deyib: "Bizim baş məşqçimiz çox gözəl işləyir, yaxşı kollektiv toplayıb. İstedadlı gənclərdir. Ümidvaram ki, bizim çıxışlarımız bu dəfə çox yüksək səviyyədə olacaq və nailiyyətlər qazanacağıq".

A.Həsənov jurnalistlərin sualını cavablandırarkən daha sonra deyib ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva tərəfindən irəli sürülmüş əsas strategiya odur ki, gimnastika idman növü yalnız Bakıda, bir şəhərdə deyil, ölkə üzrə kütləviləşdirilsin: "İlk illərdə cəhdlər göstərirdik, nəhayət ki, buna nail olmuşuq".

Onun sözlərinə görə, Kürdəmirdə, İsmayıllıda, Gəncə, Sumqayıt şəhərlərində, Qusarda, Göyçayda gimnastika məktəbləri yaranıb.

A.Həsənov qeyd edib ki, bu kütləvilik ona gətirib çıxarıb ki, gimnastika idman növündə rəqabət çoxalıb: "Yığmamızın baş məşqçisinin üzləşdiyi problemlərdən biri yığma daxilindəki rəqabətdir. Qızlarımız anlayırlar ki, mükafat yerini tutmaq üçün çox çalışmaq lazımdır. İkinci problem gimnastların psixoloji əhval-ruhiyyəsi ilə bağlıdır. Deyirlər ki, doğma divarlar kömək edir, amma bəzən çox təzyiq göstərir. Qızlarımız qarşısında çox böyük məsuliyyət var".

A.Həsənov bildirib ki, Azərbaycan gimnastları üçün hər cür şərait yaradılıb, onlar da çempionata çox yaxşı hazırlaşıblar. Onun sözlərinə görə, gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə keçirilməsi üçün dövlət qurumları öz köməkliklərini əsirgəməyiblər. AGF ölkə Prezidenti və Federasiyanın prezidentinin dəstəyini hiss edir: "Ona görə də hesab edirəm ki, bizdə hər şey alınacaq".

O bildirib ki, bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsindən öncə Milli Gimnastika Arenası istismara verildi və indi bu arenadan istifadə edilir: "Əminəm ki, 2015-ci ildə sizin nəzərinizə çarpmayan, amma bizə məlum olan xırda çatışmazlıqlar aradan qaldırılacaq və hər şey ən yüksək səviyyədə olacaq".

Vitse-prezident, həmçinin qeyd edib ki, Azərbaycan gimnastika üzrə dünya çempionatının da Bakıda keçirilməsinə iddia edəcək və təkcə bədii gimnastika üzrə deyil, gimnastikanın digər növləri üzrə də dünya kuboku mərhələləri keçirməyə çalışacaq.

A.Həsənov qeyd edib ki, bədii gimnastika üzrə 30-cu Avropa çempionatının açılış mərasimində çıxış edən fəal iştirakçıların hamısı Azərbaycan Gimnastika Federasiyasının, milli komandanın üzvləri, məşqçiləri, xoreoqraflardır: "Bu, bizim üçün çox vacibdir. Bu, yığmanın baş məşqçisi Mariana Vasilevanın təşəbbüsüdür, bu, bir özəllikdir. Təbii ki, açılışda texniki tərəfdən kömək edən şirkəti dəvət etmişik. Açılışda ideya ondan ibarətdir ki, bədii gimnastika ilə incəsənətin vəhdətini göstərək. Bədii gimnastika və incəsənət bir-biri ilə bağlıdır. Müəyyən elementlər var. Biz açılış mərasimində onları göstərməyə çalışacağıq. Bu, necə alınıb, necə olacaq, ona siz qiymət vercəcəksiniz".

Vitse-prezident yarışda bütün idmançılara yaxşı çıxış etməyi arzulayıb və deyib ki, Azərbaycan azarkeşləri də bu idman növünü sevib: "10 il bundan qabaq belə deyildi. İndi bilet tapa bilmirik, çünki hamı gəlib yarışa baxmaq istəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti