...

"Tour d’Azerbaidjan 2015"də uğurlu start - 2 fəxri kürsü (FOTO)

İdman Materials 6 May 2015 15:36 (UTC +04:00)
"Tour d’Azerbaidjan 2015"-in ilk günü velosipedçilərimiz üçün uğurlu alınıb.
"Tour d’Azerbaidjan 2015"də uğurlu start - 2 fəxri kürsü (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

"Tour d'Azerbaidjan 2015"-in ilk günü velosipedçilərimiz üçün uğurlu alınıb.

Trend xəbər verir ki, bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan 2015" beynəlxalq veloyürüşü start götürüb. 5 günlük yarışda planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır.

Nüfuzlu yarışın ilk mərhələsi Azərbaycanın "Synergy Baku" komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, ölkəmizin Elit yığma komandasının da şərəfini qoruyan Elçin Əsədov Dövlət Bayrağı Meydanından start götürən 154 km-dən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib və bununla da qırmızı rəngli "AZAL" köynəyini əldə edib.

Mərhələ qalibinə gəlincə, Sloveniyanın "Adria-Mobil" komandasının üzvü Marko Kump 3 saat, 36 dəqiqə, 59 saniyə nəticə ilə məsafəni hamıdan tez qət edib və bununla da mərhələ qalibinə verilən mavi rəngli "Synergy" köynəyinə sahib olub. İtaliyanın "Androni Giocattoli" komandasının üzvü Françesko Kiki, həmçinin Azərbaycanın "Synergy Baku" və Elit yığma komandasının üzvü Maksim Averin isə liderdən cüzi fərqlə geri qalmaqla müvafiq olaraq 2-3-cü yerləri tutublar. Mərhələ qalibi olmuş M.Kump ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR" köynəyini də ələ keçirib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Belarusun "Minsk" komandasının üzvü Vladimir Harakavik fərqlənməklə bənövşəyi rəngli "Ataholding" köynəyinə yiyələnib.

Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib. 3-cü olan M.Averini isə atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin təltif edib.

Mərhələnin ən yaxşı dağ velosipedçisi, "Synergy Baku"nun üzvü E.Əsədov deyib: "Komanda yoldaşlarıma təşəkkür edirəm. Əvvəldən də planımız belə idi, mən və ya digər komanda yoldaşım dağ mərhələsinin qalibi olsun".

Onun sözlərinə görə, komandanın taktikasına əsasən, M.Averinin də ilk üçlüyə düşməsi əvvəlcədən planlaşdırılmışdı.

Mərhələni 3-cü pillədə bitirən M.Averin isə hisslərini bu cür bölüşüb: "Hədəfimizə çatdıq. Fəxri kürsüyə qalxıb mükafatçı olmağı bacardıq. Komanda yoldaşlarıma təşəkkür edirəm".

Qeyd edək ki, ilk mərhələdən sonra "Synergy Baku" komanda hesabında 2-ci yerdədir. Sabah "Tour d'Azerbaidjan 2015" veloyürüşün 2-ci mərhələsinin startı saat 10:30-da Veloparkdan veriləcək. Velosipedçilər 187 km məsafə qət etməklə İsmayıllıda mərhələni başa vuracaqlar. "Tour d'Azerbaidjan 2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti