Azərbaycan, Bakı, 17 iyul /Trend/
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Trend-in məlumatına görə, Bakının "İnter" klubu səfərdə İslandiyanın "Hafnarfyordur" komandası ilə qarşılaşıb.
Oyuna meydan sahibləri fəal başlayıblar - 39-cu dəqiqədə Atli Qudnason penalti zərbəsindən hesabı açıb.
51-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar - Oskarsson qırmızı vərəqə alıb. Bu dəfə penalti vurmaq növbəsi futbolçularımıza çatıb - Nika Kvekveskeri hesabı bərabərləşdirib.
61-ci dəqiqədə isə Dieqo Martins "İnter"in qələbə qolunu vurub - 1:2.
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.