Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Respublika Velotrekində çoxgünlük ötüşmələr üzrə Federasiya Kuboku yarışı keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, üç gün davam edən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib.
Reqlamentə əsasən, qaliblər iştirakçıların 3 yarış günü ərzində göstərdiyi nəticələr əsasında müəyyənləşib. 15 və 17 yaşa qədər velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndələri Qadir Mustafayev və Bakir Dadaşov müvafiq olaraq 23 və 24 xalla Federasiya Kubokunun qalibi adını qazanıblar.
Elit, U-23 və gənclər kateqoriyasında isə "Lokomotiv" klubunu təmsil edən Tural İsgəndərov 25 xalla hamıdan güclü olub. Qaliblər federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.