...

Azərbaycanlı gimnast: Mənim məqsədim Olimpiya çempionu olmaqdır

İdman Materials 12 Aprel 2018 18:28 (UTC +04:00)
Əsas odur ki, mən məşqçinin tapşırıqlarını yerinə yetirdim
Azərbaycanlı gimnast: Mənim məqsədim Olimpiya çempionu olmaqdır

Bakı. Cani Babayeva - Trend:

Əsas odur ki, mən məşqçinin tapşırıqlarını yerinə yetirdim.

Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxşından sonra Azərbaycan gimnastı Selcan Maqsudova deyib.

S.Maqsudova bildirib ki, finala düşmək üçün əlindən gələni edəcək. Gimnast onu da vurğulayıb ki, bundan sonra səmərəli işləmək niyyətindədir:

"Mənim məqsədim Avropa və dünya çempionu olmaq və əlbəttə ki, Olimpiya Oyunlarında qalib gəlməkdir".

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb.

Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir.

Azərbaycanı birinci gün yarışlarda Selcan Maqsudova, Riyad Abbasov və Mixail Malkin təmsil edir.

Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada 4 gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək.

Yarışların 1-ci və 2-ci günləri həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri baş tutacaq və komandalar arasında finallar keçiriləcək. 14 aprel tarixində isə gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal mərhələsi də baş tutacaq. Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Çempionat aprelin 15-ə kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti