...

Güləşçilərimiz U-23 dünya çempionatının finalına yüksəlib

İdman Materials 29 Oktyabr 2019 08:31 (UTC +04:00)
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayıb
Güləşçilərimiz U-23 dünya çempionatının finalına yüksəlib

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verib.

Əfqan Xaşalov son saniyələrdə üstünlüyü əldən verərək kubalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi həmyerlimizə təsəlliverici görüşə çıxmaq imkanı verib.

Mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb.

Davud İbrahimov debütdə çətinliklə də olsa, İsveçrə təmsilçisini üstələyib. ABŞ güləşçisiylə görüş də gərgin mübarizə şəraitində keçib. Yekunda İbrahimov minimalhesablı qələbəyə sevinib. Ancaq Davud 1/4 finalda Rusiyada təmsilçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Davud təsəlliverici görüşə çıxacaq.

Abubakr Abakarov mundiala inamlı start verib. Titullu güləşçimiz ilk mərhələdə qırğız rəqibinə vaxtından əvvəl qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məyus edən Abakarov adını yarımfinala yazdırıb. Hindistan güləşçisinə də aman verməyən Abubakr finalda güləşmək hüququ qazanıb.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri oktyabrın 29-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti