Bakı. Trend:
Azərbaycan üzgüçüləri Serbiyada beynəlxalq yarışda 8 medal qazanıb.
Azərbaycan üzgüçülük üzrə milli komandanın 3 üzvü - Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında 32-ci Sveti Nikola adına beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.
Azərbaycan Üzgüçülük Federasiyasının Dünya çempionatına və Olimpiya Oyunlarına lisenziya xarakterli bu yarışlarda Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Serbiya və Makedoniyanın idmançıları ilə yüksək yerlər uğrunda mübarizə aparan idmançılamızdan Ramil Vəlizadə 200 metr batterflyay üsulunda üzmədə A finalında 2.03.01 göstərici ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Bu göstərici ilə üzgüçümüz həm də bu turnirin rekordunu təzələyib. Bundan başqa R.Vəlizadə 100 mert batterflyay üsulunda üzmədə də 55.23 nəticə ilə A finalında turnirin rekordunu yeniləyərək bütün idmançılardan üstün olub və kürsünün birinci pilləsinə yüksəlib. Vəlizadə 50 metr batterflyay üsulunda üzmədə də gücünü sınayıb və həmyerlimiz 25.27 göstərici ilə A finalında gümüş medal qazanıb.
Millimizin digər üzvü Rəşad Alquliyev 50 metr arxası üstə üzmədə A finalında 28.83 göstərici ilə bürünc medal qazanıb. İdmançımız 100 arxası üstə üzmə növündə də A finalında 1.00.58 göstərici ilə 3-cü pillədə qərarlaşıb.
Digər təmsilçimiz Əbdürrəhman Rüstəmov da 32-ci Sveti Nikola adına beynəlxalq turnirdə yüksək nəticələr qazanıb. Üzgüçümüz 200 metr batterflyay üsulunda üzmədə B finalında birinci yer, A finalında isə 2.11.08 göstərici ilə bürünc medal qazanıb.