...

Sabah penalti olarsa, kimin yerinə yetirəcəyini bilirəm - Fernandu Santuş

İdman Materials 10 Oktyabr 2024 20:00 (UTC +04:00)
Sabah penalti olarsa, kimin yerinə yetirəcəyini bilirəm - Fernandu Santuş

Bakı. Trend:

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş və futbolçusu Abbas Hüseynov Estoniya ilə sabahkı oyunla bağlı Tallində mətbuat konfransında iştirak edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 70 illik yubileyini qeyd edən portuqaliyalı mütəxəssis Estoniyaya ezam olunmuş azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

Santuş Azərbaycanda futbola marağı gördüyü üçün burada olduğunu deyib: "Ümid edirəm ki, oyunçular mənim yubileyimə qələbə hədiyyə edərlər. Kifayət qədər böyük karyeram var. Amma dayanmaq fikrim yoxdur. Azərbaycanda futbola marağı gördüm, ona görə buradayam.

Estoniyanın Azərbaycanla hər iki oyununu izləmişəm. Bu il Slovakiya ilə yaxşı oynayıblar. Biz hücumda oynamağa üstünlük veririk. Sabah da ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik. Sabah oyunda penalti olarsa, kimin yerinə yetirəcəyini bilirəm. Amma bunu açıqlamaq istəmirəm. Emin Mahmudovun əhvalı yaxşıdır. O bizim üçün vacib oyunçudur. Mənim üçün bütün oyunçular vacibdir. Hansı sxemdə meydana çıxacağımız önəmli deyil. Oyun vaxtı bu sxemlər dəyişir. Müxtəlif taktikalar var. Sürpriz nəsə yoxdur. Əsas odur oyunda dinamika olsun. Mənim komandam mənim nə istədiyimi bilir. Öz hədəflərimizə çatacağıq. Estoniyanın zəif olduğunu deməzdim. Estonlar hücumda oynayacaq, mən də komandama tapşırmışam, qorxub geriyə çəkinməyin. Mənim üçün zəif rəqib yoxdur, istər Portuqaliya olsun, istər Estoniya. Biz öz yolumuzla getmək istəyirik. Mənə motivasiya verən AFFA prezidentinin futbola baxışıdır".

Qeyd edək ki, Estoniya - Azərbaycan matçı sabah oktyabrın 11-də Tallindəki “Lilleküla” stadionunda keçiriləcək və Bakı vaxtilə saat 20.00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti