Bakı. Trend:
Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksindən beş Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün seçilib.
Trend xəbər verir ki, bu barədə III MDB Oyunları ilə əlaqədar Azərbaycanda səfərdə olan Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Keşe jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Sivasda ölkənin ilk ixtisaslaşmış çövkən kompleksi inşa olunub və Türkiyə bu qədim oyunun dirçəldilməsinə böyük önəm verir. Qeyd olunub ki, Azərbaycanın dəstəyi ilə bu idman növünün birgə inkişafı istiqamətində fəal iş aparılır.
Xatırladaq ki, MDB Oyunlarında çövkən yarışları Şəki şəhər stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırıb. Azərbaycan milli komandası isə iki inamlı qələbə qazanaraq yarımfinala yüksəlib və medal uğrunda mübarizəsini davam etdirir.