Bakı. Trend:
Bakıda “Avropa İttifaqının Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutlarına dair qabaqcıl təcrübəsi” mövzusunda 2 günlük TAIEX seminarı keçirilir. Ötən gün seminarın açılışı olub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru vəzifələrini icra edən Namiq Tağıyev bildirib ki, Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurəti günbəgün artmaqdadır.
Onun sözlərinə görə, bu istiqamətdə ölkədə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarlarında rəqabət qabiliyyətliliyinin artırılmasına yönəlib.
N.Tağıyev ölkəmizin sosial-iqtisadi inkişaf siyasətinin əsas istiqamətlərindən birinin Avropa və dünya standartları əsasında istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara ixracını təmin edəcək müasir keyfiyyət infrastrukturunun formalaşdırılmasının təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, bu islahatların məntiqi davamı olaraq ölkə başçısı 10 fevral 2017-ci il tarixində “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Komitə rəsmisi “Avropa İttifaqının Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutlarına dair qabaqcıl təcrübəsi” mövzusunda keçirilən TAIEX seminarının əhəmiyyətli olduğunu, milli keyfiyyət infrastrukturu sisteminin Avropa tələblərinə uyğunlaşdırılması isiqamətində rolunu qeyd edib.
Bolqarıstan Standartlaşdırma İnstitutunun direktoru xanım İren Dabijeva Azərbaycanla ölkəsi arasında həm ikitərfəli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrindən danışıb. O, keyfiyyət infrastrukturu sahəsində, xüsusən standartlaşdırma, sertifikatlaşdırma, uyğunluğun qiymətləndirilməsi sahələri və texniki maneələrin aradan qaldırılması istiqamətində zəruri olan fəaliyyətin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilib. Rumıniya Standartlar Assosiyasiyasının Marketinqin təşkili şöbəsinin müdiri Speranta Stomfun “Beynəlxalq standartların əhəmiyyəti və onların istehlakçı hüquqlarının müdafiəsindəki rolu”, Kommersiya şöbəsinin müdiri Diana Dorobantunun “Standartların satışı və yayımı üzrə müasir sistemlərin inkişafı”, Litva Standartlar İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Daiva Lesickinin “Avropa İttifaqının qlobal standartlaşdırmada rolu: Strategiyalar və gələcək hədəflər” və “Avropa standartlaşdırma tənzimləyici çərçivəsi və Aİ standartlaşdırma sisteminin əsas iştirakçıları”, İspan Standartlaşdırma Assosiyasiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Javier Munoz Ledesmanın “Avropa standartlaşdırma və sertifikatlaşdırma institutları və onların standartlaşdırma prosesində əsas vəzifələri və rolu”, “Beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan tədbirlərdə milli standartlaşdırma orqanlarının iştirakı” mövzularında çıxışları olub. Məruzələrlə bağlı müzakirələr keçirilib.
Bu gün davam edən seminarda “Məhsullar üzrə Avropa keyfiyyət infrastrukturu”, “Avropa Komissiyasının maliyyə dəstəyi üçün müraciət. Məsul texniki komitənin katibliyi üçün rəhbəredici sənəd (CEN CENELEC Rəhbəredici sənəd 16)”, “CEN CENELEC ilə Tərəfdaş standartlaşdırma orqanı anlayışı (CEN CENELEC Rəhbəredici sənəd 13)”, “Kiçik, orta sahibkarlıq müəssisələrinin maraqları nəzərə alınmaqla standartların hazırlanmasına dair Rəhbəredici sənəd (CEN CENELEC Rəhbəredici sənəd 17)”, “Texniki komitələrin idarə olunması və onların iş prinsipləri”, “Standartların iqtisadi və ticari aspektləri”, “Standartlaşdırma üzrə akademik kurrikulum proqramları (Milli standartlaşdırma orqanları və institutlar arasında əməkdaşlıq)” mövzularında məruzələr nəzərdə tutulub. Seminarda dövlət qurumlarının nümayəndələri, xarici qonaqlar və yerli sahibkarlar iştirak edir.