...

Beynəlxalq Dəniz Təşkilatı: Azərbaycan Dövlət Dəniz Administrasiyasında aparılan audit yoxlaması uğurla nəticələnib

İqtisadiyyat Materials 13 Sentyabr 2017 11:23 (UTC +04:00)
Böyük Britaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında təşkilatın Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Laurens Barşyu ilə görüşüb.
Beynəlxalq Dəniz Təşkilatı: Azərbaycan Dövlət Dəniz Administrasiyasında aparılan audit yoxlaması uğurla nəticələnib

Bakı. Trend:

Böyük Britaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında təşkilatın Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Laurens Barşyu ilə görüşüb.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Dəniz Təşkilatının Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Laurens Barşyu Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun bu ilin 28 may-6 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdikləri yoxlamanın nəticələrinə görə, Azərbaycan Respublikasının 172 dünya dəniz dövləti sırasında ən qabaqcıl dövlətləri geridə qoyaraq statistika üzrə ön sırada yer tutmasını mühüm və vacib bir məqam kimi vurğulayıb.

Qlobal problemlərin tüğyan etdiyi, iqtisadi böhranın yaşandığı dünya ölkələrindən fərqli olaraq bu gün Azərbaycanın stabil, təhlükəsiz, inkişaf edən dövlət olduğunu deyən Laurens Barşyu audit yoxlaması nəticəsində əldə edilən uğurlu nəticənin nümunə olacaq vacib amil kimi dəyərləndirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrə olduğu kimi dənizçilik sahəsinə və dənizçilərə göstərdiyi diqqət və qayğının nəticəsində əldə edilən uğurlardan danışan nümayəndə heyəti dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə il ildən artdığını vurğuladı.

Görüşdə qeyd olundu ki, dənizçilik sahəsində bundan sonra da qanunvericiliyin təkmilləşdirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi sisteminin effektivliyinin artırılması, dəniz nəqliyyatı sahəsində Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarının tələblərinə riayət olunması istiqamətində daha vacib işlər görüləcək. Artıq bu istiqamətdə müəyyən layihələrin hazırlandığını deyən nümayəndə heyəti bildirdi ki, layihələrin reallaşması dənizçilik sahəsinin inkişafına öz töhfəsini verəcək.

Görüşdə qarşılıqlı əməkdaşlığa dair həyata keçiriləcək tədbirlər və bir sira mühüm məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti