...

Dövlət Dəniz Administrasiyası qazaxıstanlı tərəfdaşlarla yeni memorandum imzalayıb

İqtisadiyyat Materials 25 Noyabr 2017 13:18 (UTC +04:00)
Peşəkar dənizçilərin hazırlanması üçün bu sahə üzrə mükəmməl təhsilin əldə olunmasını prioritet hesab edən Dövlət Dəniz Administrasiyası Azərbaycan Dövlət Dəniz Akademiyası ilə qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verərək, bu istiqamətdə bir sıra mühüm işlərin görülməsi üçün vacib addımların atılmasını təmin edib.
Dövlət Dəniz Administrasiyası qazaxıstanlı tərəfdaşlarla yeni memorandum imzalayıb

Bakı. Trend:

“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (STCW) Beynəlxalq Konvensiyasının tələblərində, Beynəlxalq Dəniz Təşkilatının tövsiyə və sirkulyarlarında qeyd olunduğu kimi dəniz nəqliyyatı sahəsi üzrə texniki əməkdaşlığın böyük əhəmiyyəti var.

Peşəkar dənizçilərin hazırlanması üçün bu sahə üzrə mükəmməl təhsilin əldə olunmasını prioritet hesab edən Dövlət Dəniz Administrasiyası Azərbaycan Dövlət Dəniz Akademiyası ilə qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verərək, bu istiqamətdə bir sıra mühüm işlərin görülməsi üçün vacib addımların atılmasını təmin edib.

Administrasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Dəniz Akademiyası Qazaxıstanın Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetilə 2011-ci ildə bağlanan müqaviləyə əsasən, “İkili diplom təhsili” beynəlxalq proqramı çərçivəsində dənizçilik təhsili üzrə Qazaxıstan üçün bakalavr və magistr dərəcəli 40-a yaxın mütəxəssis hazırlayıb.

Qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə 21-23 noyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Gəmi heyəti şöbəsinin müdir müavini – diplom, imtahan və sertifikatlaşdırma sektorunun müdiri Vüsal Mustafayev, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev, tədris və tərbiyə işləri üzrə prorektor Zahid Şərifovdan ibarət nümayəndə heyəti Aktauda işgüzar səfərdə olub.

Səfər zamanı Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov ilə “İkili diplom təhsili” beynəlxalq proqramının davam etdirilməsinə dair danışıqlar aparılıb. Müzakirələrin nəticəsi olaraq bu proqramın davam etdirilməsi məqsədilə qarşılıqlı razılaşmaya əlavə kimi yeni memorandum imzalanıb. Memoranduma əsasən, tələbə və professor-müəllim mobilliyi, birgə elmi-tədqiqatların aparılması, əldə olunan nəticələrin beynəlxalq konfranslarda müzakirəsi, elmi məcmuələrdə birgə dərc edilməsi də qərara alınıb.

Azərbaycan nümayəndə heyəti Universitetin maddi-texniki bazası ilə yaxından tanış olaraq, Dövlət Dəniz Akademiyasının nəzdində olan təlim-tədris mərkəzində Qazaxıstan dənizçiləri üçün kursların təşkili məsələsini də müzakirə ediblər.

Universitetin professor-müəllim və tələbə heyəti ilə görüşdə suallar cavablandırılıb, 2016-2017-ci tədris ilində Akademiyanı bitirən qazaxıstanlı tələbələrə təntənəli şəraitdə ADDA-nın diplomları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti