...

Azərbaycan və Rusiya kiçik və orta sahibkarlığın inkişafı üzrə əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)

İqtisadiyyat Materials 14 May 2018 15:45 (UTC +04:00)
Azərbaycan və Rusiya kiçik və orta sahibkarlığın inkişafı üzrə əməkdaşlıq memorandumu imzalayıblar.
Azərbaycan və Rusiya kiçik və orta sahibkarlığın inkişafı üzrə əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)

Bakı. Trend:

Mayın 14-də Moskvada Azərbaycanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədovla Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının İdarə heyətinin sədri Aleksandr Braverman arasında işgüzar görüş keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, görüş çərçivəsində qurumun icraçı direktoru O.Məmmədov tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə qarşı tərəfə ətraflı məlumatlar verilib, bu sahədə idarəçilik sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüsü əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradıldığını diqqətə çatdırıb.

Bildirilib ki, Agentliyin qarşısında qoyulmuş əsas vəzifələr sahibkarlığın inkişafı üzrə daha əlverişli biznes mühitinin formalaşdırılmasına, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin və iqtisadiyyatdakı rolunun artırılmasına nail olmaqdan ibarətdir.

Qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün beynəlxalq əməkdaşlığın vacibliyinə toxunan O.Məmmədov qeyd edib: "Bu xüsusda bir sıra xarici tərəfdaş qurumlarla, o cümlədən, Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası ilə sıx əlaqələrin qurulmasında maraqlıyıq".

Federal Korporasiyanın İdarə heyətinin sədri A.Braverman rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verərək birgə əməkdaşlığın qurulması istiqamətində irəli sürülmüş təklifin qurumlar qarşısında duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Görüşün nəticəsi olaraq, Azərbaycanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Federal Korporasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanmış sənəd kiçik və orta sahibkarlığın tənzimlənməsi və dəstəklənməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq formalarını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti