...

177 dövlət əmlakı hərraca çıxarılır (FOTO)

İqtisadiyyat Materials 5 İyun 2018 12:28 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 iyun tarixində keçirilən hərrac rəqabətli olub.
177 dövlət əmlakı hərraca çıxarılır (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 iyun tarixində keçirilən hərrac rəqabətli olub. Buna səbəb özəlləşdirilmə prosedurlarının sadə və şəffaf formada həyata keçirilməsi, elektron hərrac sisteminin tətbiqi, hərraclara çıxarılan əmlakların geniş çeşidliyidir.

Komitədən Trend-ə verilən məlumata görə, bu hərracda da dövlət əmlaklarının yerləşdikləri ərazilər müxtəlif olub. Belə ki, Bakı, Qəbələ, Xaçmaz və digər bölgələrdə yerləşən müəssisə və obyektlər investorlar tərəfindən özəlləşdirilib. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin qiyməti 8 min 100 manat olsa da, sifarişçilərin bu əmlaka olan rəqabət və marağının yüksək olması qiyməti 15 min 200 manata yüksəldib.

Ümumi faydalı sahəsi 22 kv.m, ilkin qiyməti 5 min 500 manat olan, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən dövlət əmlakı da hərracda rəqabət yaradıb. Həmin əmlaka edilən sifarişlərin çoxluğu obyektə edilən təklifi 6 min 500 manata qədər artırıb. Qəbələ rayonunun Nic kəndində yerləşən, 10 min kv.m-ə yaxın torpaq sahəsi, 500 kv.m-ə yaxın ümumi faydalı sahəsi olan əmlak kompleksi də hərracda özəlləşdirilib. Bu əmlakın yenidən qurulması turizm sektorunda biznes fəaliyyətini mümkün edir.

Müəssisə və obyektlərlə bərabər nəqliyyat vasitələri də hərraclarda əhalinin maraq dairəsindədir. Bu hərracda sifarişçi buraxılış ili 2008, yürüş məsəfasi 22500 km olan Hyundai TG markalı nəqliyyat vasitəsi üçün 12 min manat ödəməklə avtomobil almaq arzusunu reallaşdırıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 12 iyun tarixində keçiriləcək. Bu hərracda da investorlar üçün maraqlı ola biləcək dövlət əmlakları mövcuddur. Belə ki, özəlləşdirilməyə müxtəlif sahələrə aid 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 96-sı kiçik dövlət müəssisə və obyekti, 58-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan əmlaklar barədə bütün məlumatlar Özəlləşdirmə portalında (http://privatization.az) və Komitənin rəsmi saytında (http://stateproperty.gov.az) yerləşdirilir və mütəmadi olaraq yenilənir. Hərraca qatılmaq istəyən şəxslər portal üzərindən əmlakı seçib sifariş edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti