Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan arasında Tərəfdaşlıq Çərçivəsi sənədi ilə əlaqədar yüksək səviyyəli İstiqamətləndirici Komitənin 2-ci iclası keçirilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi üzrə Azərbaycan hökuməti tərəfindən əlaqələndiricidir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Azərbaycan 1992-ci ildə BMT-yə üzv olduqdan sonra təşkilatın ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq edir və bu çərçivədə bir sıra mühüm sənədlər imzalanıb və tədbirlər həyata keçirilib. Vurğulanıb ki, Azərbaycanın 2011-ci ildə 2 illik müddətə BMT-nin ali qurumu olan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan BMT-nin Minilliyin Bəyannaməsinə qoşulan ölkə kimi yoxsulluqla mübarizə sahəsində məqsədyönlü proqramlar və kompleks tədbirlər həyata keçirib. Nəticədə Azərbaycanda yoxsulluq səviyyəsi 2001-ci ildəki 49%-dən 2015-ci ildə 4,9%-ə enib. Azərbaycan yoxsulluğa qarşı mübarizə sahəsində əldə etdiyi uğurlara görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “Cənub-Cənub” mükafatına layiq görülüb və 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir. Bundan başqa, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin və şəffaflığın artırılması üzrə əldə etdiyi uğurlara görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi BMT-nin “İctimai xidmətlərin təkmilləşdirilməsi” nominasiyası üzrə qalib olub.
Nazir müavini BMT- Azərbaycan əlaqələrinin 2016-cı ilin iyulunda imzalanmış 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı – Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi (UNAPF) ilə yeni mərhələyə qədəm qoyduğunu, sənədin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında təsbit edilmiş milli prioritetlərə uyğunlaşdırıldığını və 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi və yeni Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzərində qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, DİM-lər üzrə BMT ilə əməkdaşlıq və UNAPF çərçıvəsində ölkənin prioritetləri üzrə məqsədyönlü əməkdaşlıq davam etdiriləcək.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M.İshaqzai tədbirin UNAPF-nin əsas prioritetlərinin, eləcə də strateji nəticələrin müəyyənləşdirilməsinə töhfə verdiyini, “Dünyamızın transformasiyası: 2030-cu il Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin davamlı sosial-iqtisadi artım və həyat səviyyəsinin yüksəlməsi istiqamətində xüsusi əhəmiyyətini qeyd edib. Qulam M.İshaqzai həmçinin, çərçivə sənədinin icrası istiqamətində qadınların səlahiyyətlərinin genişləndirilməsi, həssas qrupların dəstəklənməsi, reproduktiv sağlamlıq və səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, dayanıqlı inkişaf üçün bacarıqların artırılması, təbii fəlakət və iqlim dəyişikliyi riskinin azaldılması üzrə həyata keçirilən layihələr vasitəsilə əldə olunmuş nailiyyətləri diqqətə çatdırıb.
İclasda Birləşmiş Millətlər Təşkilatı – Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi üzrə işçi qruplarının təqdimatları keçirilib, 2018-ci ildə üç prioritet strateji sahə üzrə həyata keçiriləcək layihələr çərçivəsində əldə ediləcək nailiyyətlər və bu il üçün nəzərdə tutulan tədbirlər diqqətə çatdırılıb, bu sahəyə İstiqamətləndirici Komitənin verdiyi töhfələr vurğulanıb.
Tədbirin sonunda İstiqamətləndirici Komitə tərəfindən Çərçivə Sənədinin hər 3 istiqaməti üzrə 2018-ci il üçün Müştərək İş Planları təsdiq edilib, Aralıq Hesabatın hazırlanması qərara alınıb.