Bakı. Trend:
Son zamanlar “Bakı Telefon Rabitəsi” MMC-nin (BTR) strukturuna daxil olan 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazilərində MMC-nin balansındakı kabel-kanal quyularına (KKQ) müdaxilə və oğurluq halları qeydə alınır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, satış və mənfəət əldə etmək məqsədi ilə BTR MMC-nin balansına daxil olan TPP tipli mis kabel və dəmir dirəklərlə yanaşı, kabel-kanal quyularının metal örtükləri də oğurlanır. Nəticədə abunəçilərə rabitə xidmətlərinin verilməsində fasilələr və kəsintilər baş verir, müəssisəyə isə maddi ziyan dəyir. Ümumilikdə törədilən oğurluq hadisələri zamanı BTR MMC-yə 40 484,54 AZN dəyərində maddi ziyan dəyib.
Qurumun xidməti ərazilərində yerləşən KKQ-na gün ərzində əraziyə təhkim olunmuş texniki heyət nəzarət etdiyindən oğurluq halları, əsasən, qeyri-iş saatlarında qeydə alınır. Bu cür hallarla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müvafiq müraciətlər edilib.
Ötən ildən etibarən Sabunçu Rayon Polis İdarəsi və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis şöbəsi tərəfindən qeydə alınan 80 cinayət hadisəsi üzrə 76 ədədi oğurluq, 4 ədədi oğurluğa cəhd kimi qiymətləndirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmiş şəxslər müvafiq qaydada cinayət məsuliyyətinə cəlb ediliblər.
Qeyd edək ki, bu günlərdə paytaxtın Suraxanı rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində daha bir kabel oğurluğu faktı aşkar edilib. 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisində yerləşən kabel-kanal quyusundan 220 metr kabel oğurlayan şəxslər saxlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov həbs olunublar.