Bakı. Trend:
Azərbaycanın qabaqcıl İT həllər təminatçısı olan “Cybernet” şirkəti özünün fəaliyyət coğrafiyasını genişləndirməkdə davam edir. Belə ki, cari ilin yanvar ayında şirkətin əməkdaşı İslam İsmayılov Monqolustana işgüzar səfər edərək həmin ölkənin bir sıra qurumlarında “Cybernet” şirkətinin adından bir sıra işgüzar görüşlər keçirib, şirkətin informasiya texnologiyaları və dövlət və özəl sektor xidmətlərinin elektronlaşdırılması sahəsində həll və xidmətləri barədə təqdimatlar edib.
Səfər zamanı Monqolustanın bir sıra dövlət orqanlarında yüksək səviyyəli görüşlərə qatılan İ.İsmayılov “Cybernet” şirkətinin indiyədək Azərbaycanda və digər xarici ölkələrdə həyata keçirdiyi İKT layihələri barədə ətraflı məlumat verib, şirkətin müxtəlif ölkələrin dövlət strukturları üçün hazırlayıb tətbiq etdiyi elektron informasiya sistemləri əyani şəkildə qarşı tərəfə nümayiş edilib.
Səfər çərçivəsində “Cybernet” şirkəti ilə Monqolustanın “Vertus Co.” şirkəti arasında qarşılıqlı anlaşmaya və əməkdaşlığa dair memorandumun imzalanması da baş tutub. Sözügedən memoranduma əsasən, tərəflər İT-konsaltinq, informasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və informasiya texnologiyalarının idarə olunması sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı sahəsində IT-sistemlərinin effektiv formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə proqram məhsullarının hazırlanması, ERP, CRM və BI sistemlərinin tətbiqi yolu ilə biznesin avtomatlaşdırılması, eləcə də hökumət və digər sahələrdə xidmətlərin göstərilməsinin effektiv təşkili məqsədilə mobil texnologiya və həllərin tətbiqi sahəsində əməkdaşlıq edəcək.
Qeyd etmək lazımdır ki, sözügedən səfər “Cybernet” şirkətinin nümayəndələrinin Monqolustana ilk səfəri deyil. Belə ki, hələ ötən ilin oktyabr ayında şirkətin rəhbərliyi – baş direktor İlham Namazov və biznesin inkişafı şöbəsinin müdiri Fuad Əhmədov Azərbaycandan bu ölkəyə ixrac missiyası ilə yollanan dövlət səviyyəli nümayəndə heyətinin tərkibində yer alaraq bu ölkənin Vergilər İdarəsində, İnformasiya Texnologiyaları Statistika Mərkəzində, Baş Tibbi Sığorta İdarəsində, Rabitə və İnformasiya Texnologiyaları İdarəsində və digər dövlət təşkilatlarında yüksək səviyyəli ikitərəfli görüşlər keçirib.
“Cybernet” MMC haqqında:
2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl həll təminatçılarından biridir. Şirkət dövlət qurumları və özəl müəssisələr üçün IT infrastrukturların yaradılması, texnoloji həll və yeniliklərin tətbiqi, istənilən mürəkkəblik səviyyəsinə malik proqram təminatının yazılması istiqamətlərində fəaliyyət göstərir. Cybernet şirkəti Azərbaycanda dövlət xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərin yaradılmasında böyük rol oynamışdır. Şirkət 2007-ci ildə “İntellekt” mükafatı, 2010-cu ildə yubiley medalı ilə təltif olunmuş, 2013-cü ildə “İlin İT şirkəti” seçilmişdir. #cybernet