...

Azərbaycanda hər bir rayonun inkişaf planı hazırlanır

İqtisadiyyat Materials 27 Fevral 2019 15:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda iqtisadi rayonlar üzrə, eləcə də bələdiyyələr səviyyəsində yerli inkişaf planları hazırlanır.

Trend-in məlumatına görə, İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən "Gəncə-Qazax İqtisadi rayonunda yerli və regional inkişafa dəstək" layihəsi Avropa İttifaqı və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur.

Layihə çərçivəsində ilk üç pilot rayonun – Gədəbəy, Daşkəsən və Tovuzun inkişaf planları artıq hazırdır.

Gəncə şəhəri və Qazax-Göygöl rayonlarının inkişaf planlarının hazırlanması ilə bağlı birinci mərhələ də yekunlaşıb və əldə olunan məlumatların üzərində planın ilkin versiyası tərtib edilir. Qarşıda isə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan digər inzibati rayonların inkişaf planlarının hazırlanmasını başa çatdırmaq kimi böyük bir işin icrası dayanır.

Rayon inkişaf planı özündə kəndlərdəki sosial-iqtisadi məsələləri də əks etdirən bələdiyyələrin hazırladıqları yerli inkişaf planlarını da ehtiva edir. Məsələn, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının inkişaf planlarına ümumilikdə 18 bələdiyyənin yerli inkişaf planları inteqrasiya edilib.

Qeyd edək ki, bələdiyyələrin yerli inkişaf planları yerli qanunvericiliyə, beynəlxalq təcrübəyə əsaslanan və Ədliyyə Nazirliyi tərəfindən qəbul olunan metodika əsasında hazırlanıb.

İnkişaf planları üzrə işlər iki əsas mərhələyə bölünür. Birinci mərhələdə şəhər və ya rayonun sosial-iqtisadi diaqnostikası aparılır və ikinci mərhələdə əldə olunan nəticələr əsasında inkişaf planı hazırlanır.

Hər iki mərhələdə dövlət qurumları və təşkilatların iştirakı ilə keçirilən silsilə seminarlarda müxtəlif təhlil metodologiyaları əsasında sosial-iqtisadi çətinliklər müəyyən edilir, problemlərin həlli yolları, bunun üçün lazım olan resurslar, müvafiq qurumların rolu, məsuliyyətləri və əməkdaşlıq imkanları vahid plan formasına salınır.

Hər bir şəhər və ya rayonun sosial -iqtisadi təhlilinin aparılması məqsədilə xüsusi tədqiqat qrupu formalaşır. Qrupa GİZ-in, İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Tədqiqatlar İnstitutunun, yerli icra hakimiyyətinin və digər dövlət qurumlarının əməkdaşları daxildir. Diaqnostik təhlillər üçün baza kimi milli səviyyədə statistika, rayon səviyyəsində statistika, nazirliklərin, beynəlxalq təşkilatların hesabatlarından istifadə edilir. Əldə olunan nəticələr 25-30-a yaxın qurumun iştirakı ilə müzakirə edildikdən sonra hesabata daxil edilir və təsdiq edilməsi üçün yerli icra hakimiyyətinə verilir.

Vurğulamaq yerinə düşər ki, diaqnostik seminarlar hər bir rayonu ayrılıqda daha yaxşı öyrənməyə, onun real inkişaf istiqamətlərini araşdırmağa imkan yaradır. Seminarlarda geniş istifadə olunan GZİT (Güclü, Zəif, İmkan və Təhlükələr) təhlili əsasında aparılan diaqnostika zamanı mütəxəssislər hər bir rayonun inkişaf planın hazırlanmasında və həyata keçirilməsində güclü-zəif tərəflərini və mövcud imkanlarını-təhlükələrini araşdırırlar.

GZİT təhlili əsasında ən azı iki strategiya hazırlanır. Birinci, güclü tərəfimizi necə istifadə edə bilərik ki, imkanlarımızdan tam yararlana bilək və ikinci zəif tərəflərimizi necə aradan qaldıra bilərik ki, imkanlarımızdan istifadəyə mane olmasın. Güclü və zəif tərəflər daxili, imkanlar və təhlükələr isə daha çox xarici faktorlardır. Məsələn, imkan kimi xarici donorları göstərmək olar, amma bizim rayonlarımızda əgər icra hakimiyyətlərinin işçiləri həmin donora ərizə formasını doldura bilmirsə, bu zəif tərəfimizdir və imkanlardan istifadə etməyimizə mane olur.

Eyni zamanda seminarlarda “Problem ağacı” təhlil aləti vasitəsilə şəhər və rayonda sosial-iqtisadi və ətraf mühitlə bağlı əsas problemlər, onları yaradan səbəblər müəyyən edilir.

Bundan sonra planlaşdırma başlayır və bu zaman problem ağacı - məqsəd ağacına çevrilir, fəaliyyətlər hazırlanır, məntiqi çərçivəyə yaradılır, onun büdcəsi, indikatorları tərtib olunur.

Hazırda GİZ bu planların əsas mərhələlərini işləmək üçün 16 seminar spikeri də yetişdirib. Onların arasında GİZ-in Gəncə-Qazax regional bölməsinin, Tovuz, Qazax, Gədəbəy, Daşkəsən rayon icra hakimiyyətlərinin əməkdaşları, Azərbaycan Kənd Təsərrüfatı Universitetinin və QHT-lərin nümayəndələri də yer alır.

Qeyd edək ki, şəhər və ya rayon inkişaf planının hazırlanmasında tətbiq olunan diaqnostik təhlil üsulları İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənmiş metodologiya əsasında aparılır. Bundan başqa, inkişaf planındakı mərhələlər üzrə atılacaq bütün addımlar hesablanır, işin keyfiyyəti, çəkiləcək xərclərin konkret real büdcələri də açıqlanmaqla alınan nəticələr yekun sənəddə öz əksini tapır. Bu isə imkan verəcək ki, hökumət birbaşa hər bir rayonun, yerli idarə orqanlarının özündən gələn təklifləri dəyərləndirərək, prioritetləri seçə bilsin və büdcədən ayrılan vəsaitlərin şəffaf xərclənməsinə, birbaşa məqsədə yönəlməsinə, üstəlik hesabatlılığın yüksəlməsinə nail olsun.

Bəs, inkişaf planlarının hazırlanması prosesi necə keçir, fərqli qurumların gördüyü problemlər və təklif etdikləri çıxış yolları nədən ibarətdir? Əmin olun ki, bunu demək yox, iştirakçısı olmaq çox maraqlıdır. Nümunə üçün qeyd edək ki, GİZ-in Gəncə şəhərində keçirdiyi Gəncə şəhərinin inkişaf planı üzrə hazırlıq mərhələsinin əsas hissəsi - şəhərin sosial-iqtisadi diaqnostikası seminarı üç gün davam etdi. Seminarda qoyulan problemlər, təklif olunan müxtəlif inkişaf yolları, bunun üçün fərqli maliyyə mənbələrinin seçilməsinə dair irəli sürülən hər bir arqument diqqətlə dinlənildi, müzakirə olundu və nəticələr qeydə alındı.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin regional kordinatoru Fariz Qarayevin sözlərinə görə, birinci mərhələdə Gəncə şəhərinin diaqnostikası aparıldı: "Burada şəhərə aid sosial-iqtisadi və ətraf mühit məsələləri rayon icra hakimiyyətinin müvafiq qurumları, şəhərdə yerləşən və fəaliyyət göstərən digər müəssisə və təşkilatların iştirakı ilə müzakirə edildi. Bu mərhələnin yekunu olaraq müxtəlif mənbələrdən və seminar iştirakçılarından əldə edilən məlumatlar əsasında Gəncə şəhərinin sosial-iqtisadi diaqnostik hesabatı hazırlanır. Bu hesabat həm də şəhərin sosial-iqtisadi göstəricilərinin təhlilini özündə əks etdirən mərkəzləşmiş məlumat mənbəyidir ki, icra hakimiyyəti şəhərin inkişafında bundan müxtəlif məqsədlər üçün istifadə edə bilər.

Ümumiyyətlə, nəticə etibarilə yekunda iki məhsul alındı: şəhərin sosial-iqtisadi diaqnostik hesabatı və şəhərin inkişaf planı. Hər iki sənəd İqtisadiyyat Nazirliyi və müvafiq icra hakimiyyətləri ilə razılaşdırılır".

F.Qarayevin açıqlamasına görə, İqtisadiyyat Nazirliyi pilot planları təsdiqləyəndən sonra Gəncə-Qazax iqtisadi rayonuna daxil olan bütün inzibati şəhər və rayonlar üçün “İnkişaf Planları” hazırlanacaq və burada əksini tapan məsələlər 2019-2023-cü illər üzrə “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı”na salınacaq.

Bununla yanaşı, Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatı hələ 2014-cü ildə Ədliyyə Nazirliyinin tapşırığına əsasən, qanunvericiliyə və beynəlxalq praktikaya uyğun olaraq yerli inkişaf planlarının hazırlanması üçün metodologiyanı da hazırlayıb. Bu sənəd bələdiyyənin inkişaf planının hazırlanması üçün metodiki vəsait kimi qəbul olunub və artıq bir neçə ildir ki, bələdiyyələrdə tətbiq olunmağa başlayıb. Nəticədə 43 bələdiyyənin yerli inkişaf planları yazılıb. Bunlardan 32-si kənd, 5-i qəsəbə, 4-ü rayon mərkəzində yerləşən, 2-si isə sırf şəhər bələdiyyəsidir.

Maraqlı bir nüansı da qeyd edək ki, yuxarıda göstərildiyi kimi, hər bir rayonun diaqnostik seminarını azərbaycanlı təlimçilər aparır və onlar müxtəlif qurumlarını təmsil edirlər, əksəriyyəti isə dövlət qulluğundadır. Təlimçilər bu təlimlərdə maraqlı tərəf olduğundan işin keyfiyyətinə nəzarət edən almaniyalı mütəxəssis, GİZ üçün rayon inkişaf planlarının hazırlanmasına rəhbərlik edən Witold Sartorius-dan yerli kadrlarımızla bağlı rəyini aldıq:

“Səmimi deyəcəyəm ki, yerli kadrların səviyyəsi mən düşündüyümdən yaxşıdır. Hiss olunur ki, təkcə mərkəzdə deyil, artıq regionlarda da işi bacaran işçilərə üstünlük verirlər. Bizim keçirdiyimiz seminarlarda yerli təlimçilərin iştirakı ilə rayonun məsul qurumlarının nümayəndələrinin iştirakı ilə diaqnostik məlumatlar toplanır, ilk növbədə hansı problemləri necə həll etməliyik, bunun üçün plan hazırlanır. Biz heç bir layihəni diaqnostik təhlil aparmadan başlamırıq. Çünki dünyanın hər yerində, dövlətlərin fərqi yoxdur, pul həmişə çatmır. Buna görə də ilk növbədə vacib olan problemlərin həllini önə keçirmək lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti