Bakı. Trend:
Azərbaycan "Doing Business 2020" reytinqində 190 ölkə arasında 34-cü yeri tutub.
Trend-in məlumatına görə, bu, Dünya Bankının (DB) bu gün yaydığı hesabatda qeyd edilib.
Azərbaycan iqtisadiyyatının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının dayanıqlılığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatlar yüksək qiymətləndirilib. Qeyd olunub ki, hökumət tərəfindən maliyyə bazarlarının stimullaşdırılması məqsədilə davamlı olaraq həyata keçirilən tədbirlər öz müsbət təsirlərini göstərir. Belə ki, milli məzənnənin sabit qalması sayəsində son zamanlarda bank sektorunun gəlirliliyi artıb, yüksək kapitallaşma və problemli kreditlərin sayının azalması hesabına 2019-cu ilin ilk yarımilliyində sektorun göstəriciləri yaxşılaşıb.
Hesabatda xüsusi olaraq, problemli kreditlərin azalmasının səbəbi kimi ölkə başçısı İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın mühüm rol oynadığı vurğulanıb. Həmçinin, 2014-2015-ci illərdə baş vermiş maliyyə çətinliklərindən sonra sektor üzrə kreditləşmə sahəsində aktivliyin yüksəlməsi, kreditlərin verilməsi əmsalının artdığı qeyd olunub.
Eyni zamanda vurğulanıb ki, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da artacaq, aşağı səviyyəli inflyasiya qorunub saxlanılacaq və növbəti illərdə əhalinin yaşayış standartlarının davamlı olaraq yaxşılaşması təmin ediləcək.
Hesabata əsasən, Azərbaycanda borcların və öhdəliklərin ümumi təsvirinə, maraqların məhkəmədənkənar müdafiəsinə imkan verilir. Azərbaycan maraqlı tərəflərlə ədalətsiz əməliyyatlara görə direktorların üzərinə məsuliyyət qoymaqla minoritar investorların müdafiəsini gücləndirib. Digər tərəfdən, Azərbaycan fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması sistemini dəyişdirərək vergilərin ödənilməsini çətinləşdirib.
Həmçinin, Azərbaycan iddiaçılara ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiq etməklə və könüllü vasitəçilik haqqında qanun qəbul etməklə müqavilələrin icrasını asanlaşdırıb.