Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda istehsal olunan mallar üçün ixrac sifarişləri artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2019-ci ildə Azexport.az portalına 596 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci illə müqayisədə 2019-cu ildə Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 16 faiz artıb. 2019-cu ilin dekabr ayı ərzində isə portala daxil olan sifarişlərin dəyəri 63,4 milyon ABŞ dolları təşkil edib.
Məlumat üçün bildirək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 dekabr tarixinə kimi (36 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 585 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan Azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.