Bakı. Trend:
Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.
Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.