...

Azərbaycandan xaricə valyuta çıxaran bütün kanallar tək-tək nəzərdən keçirilməlidır - İqtisadçı

İqtisadiyyat Materials 22 Dekabr 2020 19:29 (UTC +04:00)
Azərbaycandan xaricə valyuta çıxaran bütün kanallar tək-tək nəzərdən keçirilməlidır - İqtisadçı

​Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni tərtibatda təqdim edilən 2021-ci ilin büdcə layihəsi əvvəlcədən proqnozlaşdırıldığı kimi özündə yeni​ xərc strukturlarını ehtiva etdi.

Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, nəticə etibarı ilə həm büdcə xərcləri, həm də büdcə gəlirləri əvvəlki illə müqayisədə artırıldı. Belə ki, gəlirləri 25, 427 milyard manat olmaqla cari illə müqayisədə​ 5,4%, xərcləri isə 3,8% artaraq 28, 543​ milyard manata çatması proqnozlaşdırılır.

İqtisadçı qeyd edib ki, növbəti ilin büdcəsinin əsas xüsusiyyətlərindən biri Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, infrastrukturunun yaradılması ilə bağlıdır. Eyni zamanda o torpaqlara qayıdacaq vətəndaşların yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsinin maliyyələşdirilməsi də büdcədə öz əksini tapıb. Bütün bu işlərin icrası üçün sözügedən layihədə işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Gələn ilin büdcəsinin xərc strukturunda cari xərclərə ümumi xərclərin 63,1 faizi, əsaslı xərclərə 29,2 %, dövlət borcuna xidmətlə bağlı xərclərə​ 7,7% vəsait yönəldiləcək. Sosialyönlü xərclər isə 11,11 milyard manatın ayrılması proqnozlaşdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 5,3 % çoxdur. Büdcənin kəsir hissəsinə gəldikdə isə onun ​ yuxarı sərhədin 3,11 milyard​ manat olması nəzərdə tutulur.​ Bu göstərici də cari illə müqayisədə​ 0.6% ​ azalıb.

E.Əmirov hesab edir ki, kəsr hissənin qarşılanması üçün müxtəlif alternativ yollar vardır:

"Məsələn, indiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün​ geniş imkanları vardır. Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 17% ətrafındadır ki, bu da dünyada ən yaxşı 10 ölkə göstəricisindən biri deməkdir. Bundan əlavə özəlləşdirmə proqramları həyata keçirmək, eyni zamanda müxtəlif istiqrazların buraxılması məsələsinə baxmaq olar.​ Amma unutmayaq ki, xərclərin qarşılanma vasitələrini tapmaqla işi bitmiş hesab etmək olmaz. Gəlir hissəsi pandemiya səbəbindən zəngin olmadığı üçün mütləq şəkildə xərc hissəsinin icrası ilə bağlı yeni yanaşmalar tətbiq edilməlidir. Belə ki, büdcə təşkilatlarının xərclədiyi hər manatın hesabatı daha şəffaf mexanizmlər əsasında verilməlidir. Başqa sözlə, dövlət xərclənən hər manatın böyük anlamda hesabını soruşmalıdır. Eyni zamanda ölkədən xaricə valyuta çıxaran bütün kanallar tək-tək nəzərdən keçirilməlidır. Belə kanalların bəziləri tam qapadılmalı, açıq qalmasına zərurət olan kanallar isə mümkün qədər daraldılmalıdır"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti