...

2021-ci ilin büdcəsində günün tələbləri, cəmiyyətin gözləntiləri öz əksini tapıb - Deputat

İqtisadiyyat Materials 25 Dekabr 2020 15:12 (UTC +04:00)
2021-ci ilin büdcəsində günün tələbləri, cəmiyyətin gözləntiləri öz əksini tapıb - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilə Azərbaycan tamamilə yeni reallıqlar və kifayət qədər mühüm əhəmiyyət daşıyan nailiyyətlərlə daxil olur. Bu baxımdan, növbəti ilin dövlət büdcəsi layihəsində işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusi əhəmiyyət verilməsi təqdirəlayiqdir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Məmmədov bildirib ki, layihədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə şəhid ailələri, müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait nəzərdə tutulub:

“Ümumilikdə büdcə gəlirlərinin proqnozlaşdırılmasında, xərclərin müəyyən olunmasında bu günün tələbləri, eyni zamanda cəmiyyətin gözləntiləri öz əksini tapıb.

Səhiyyə, təhsil, müdafiə, COVID-19 pandemiyası ilə mübarizə və digər strateji əhəmiyyətə malik sahələr üçün nəzərdə tutulmuş vəsaitlərin artırılması da dövlətimizin daha da güclənməsinə, cəmiyyətimizin inkişafına öz töhfəsini verəcək. 2021-ci ildə Azərbaycanda icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılacaq ki, bu da səhiyyə xidmətləri sahəsində çox böyük dönüş yarada bilər.

Bu sahə ilə bağlı mən bir məqamı diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, səhiyyə xidmətləri ilə bağlı dövlət tərəfindən bir sıra proqramlar həyata keçirilir. Bu sırada irsi qan xəstəlikləri ilə bağlı proqramlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda bu sahəyə kifayət qədər böyük diqqət göstərilir. 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə yaradılmış Talassemiya Mərkəzi bütün Avropa regionu ölkələri üçün nümunədir.

Cənab Prezidentin fərmanı ilə ötən il Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılıb. Bu mərkəz irsi qan xəstəliklərinin müalicəsində xüsusi rol oynayır. Qeyd edim ki, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci iilər üçün Dövlət Proqramı”, “2016 -2020–ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”, Hemofiliya xəstəliyi ilə mübarizə proqramı və “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası məhz bu mərkəz tərəfindən həyata keçirilir. Proqramların 5 il əvvəl qəbul olunduğu, hər il yeni xəstə saylarının, yeni dərman preparatlarının və yeni müalicə protokollarının əlavə edildiyi faktı nəzərə alındıqda mövcud vəsaitin növbəti illər üçün artırılması çox vacibdir.

Bu gün yeni müalicə metodlarının tətbiqi ilə uşaqlarda leykemiya xəstəliyinin müalicəsi mümkündür və düşünürəm ki, bu tədbirlər bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”na daxil edilməlidir. Hesab edirəm ki, səhiyyə sahəsində proqramların maliyyələşdirilməsində meydana çıxan reallıqlar, tibbi yeniliklərin tətbiqi zərurəti, xəstələrin sayının artması kimi problemlər də nəzərə alınsa, bu ümumi işimizin xeyrinə olardı. Dünən büdcə ilə bağlı müzakirələrdə hörmətli Əhliman müəllim onkoloji xəstəliklərlə bağlı proqramın icrasında bu məsələləri qeyd etdi və bu məsələyə münasibətdə Hörmətli Maliyyə naziri Samir Şərifov da COVİD-19 pandemiyası ilə mübarizə məqsdilə nəzərdə tutulmuş vəsaitə qənət ediləcəyi təqdirdə, eyni zamanda investisiya fondlarından əlavə vəsaitlər cəlb olunmaqla bu məsələnin həllinin mümkün olduğunu qeyd etdi. Bu baxımdan, irsi qan xəstəliklərinin müalicəsinə günün tələblərinə uyğun səviyyədə vəsaitin ayrılması da fikrimcə, çox vacib məsələlərdən biridir.

Ümumilikdə mən büdcə layihəsini dəstəklədiyimi bildirirəm. Hesab edirəm ki, 2021-ci ilin Dövlət Büdcəsi layihəsi Azərbaycan dövlətinin qarşısında duran prioritet vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti