...

Azərbaycanda ödəniş və xidmətlərin rəqəmsallaşması prosesi sürətlənib

İqtisadiyyat Materials 28 Yanvar 2021 08:47 (UTC +04:00)
Azərbaycanda ödəniş və xidmətlərin rəqəmsallaşması prosesi sürətlənib

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

Hazırda yaşadığımız pandemiya müddəti rəqəmsal ödənişlərin inkişaf tendensiyalarının müəyyənləşdirilməsində vacib rol oynayır.

Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə" ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi güzəştlər (bank kartlarına xidmət haqqının 50 faiz azaldılması, ödəmə kartlarının etibarlılıq müddətinin təmassız artırılması imkanı, bank kartlarının müştərinin sifarişi ilə çatdırılması) rəqəmsal ödənişlərin inkişafına müsbət təsir göstərib:

"Bununla yanaşı, rəqəmsal ödənişlərin inkişaf prosesləri sürətlənib, banklar tərəfindən rəqəmsal ekosistemə yeni məhsullar və xidmətlər tətbiq olunub, mobil bankçılıq xidmətlərinin təkmilləşdirilməsi üzrə islahatlar aparılıb, bank olmayan ödəniş xidmətləri tədarükçülərinin fəaliyyət sahələri genişiləndirilib və onların banklarla qarşılıqlı fəaliyyəti dərinləşdirilib, elektron kommersiya platformalarının fəaliyyəti təkmilləşdirilib".

T.Rüstəmov qeyd edib ki, Mərkəzi Bank şaxələndirilmiş rəqəmsal ekosistemin formalaşmasında dominant rolunu oynamaqda uğurla davam edir:

"Bu siyasəti ifadə edən əsas elementlər ani ödənişlər sisteminin, blokçeyn texnologiyası əsasında rəqəmsal eyniləşdirmə sisteminin işə salınması, rəqəmsal ödənişlər üzrə normativ-hüquqi bazanın müntəzəm təkmilləşməsi, eləcə də həvəsləndirici islahatlardır".

O qeyd edib ki, rəqəmsal ödənişlərin əhatə dairəsini genişləndirməyə yönəlmiş növbəti uğurlu layihə Sumqayıt və Şamaxı şəhərlərində ictimai nəqliyyatda, eləcə də Bakı-Sumqayıt qatarlarında kart vasitəsilə nağdsız ödənişlərin tətbiqi olub.

ABA ekspert qrupunun rəhbəri bildirib ki, rəqəmsal transformasiya sahəsindəki bütün bu islahatlar Azərbaycanda ödəniş ekosisteminin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişlənməsinə, maliyyə inklüzivliyinin güclənməsinə, eləcə də rəqəmsal ödənişləri bizim üçün ənənəvi ödəniş formasına çevirəcək cəmiyyətin formalaşmasına müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti