...

Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsi daha da artacaq - Millət vəkili

İqtisadiyyat Materials 7 İyul 2021 15:13 (UTC +04:00)
Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsi daha da artacaq - Millət vəkili

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) yaradılması həm ticari, həm də sərmayə qoyuluşu daxil olmaqla ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

Bunu Trend-ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, Pakistan Azərbaycanın strateji müttəfiqlərindən biridir. Pakistan və Azərbaycan həm regional strateji məsələlərdə praktiki olaraq eyni mövqe nümayiş etdirərək, bir-birilərinin haqq işlərinə dəstək olurlar, həm də iki ölkə arasında iqtisadi dövriyyə əsas prioritet məsələlərdəndir: "Bu kontekstdən İqtisadi Əməkdaşlıq Platformasının yaradılması iki ölkə arasında həm ticarət dövriyyəsinin, həm də qarşılıqlı sərmayə qoyuluşlarının artırılması baxımından vacib hesab olunur. Pandemiyadan əvvəl Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsi 14 milyon 792 min dollara yaxın idi. Baxmayaraq ki, ticarət dövriyyəsinin həcmi o qədər də böyük deyil, amma son illərin statistikasına nəzər salsaq, rəqəmlərdə kəskin artım olduğunu müşahidə edə bilərik. Belə ki, 2015-ci illə müqayisədə Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsi 7,5 dəfə artıb. Biz son 5 ilə diqqət yetirsək, hər il əvvəlkinə nisbətən ticarət dövriyyəsinin artdığını görə bilərik. Əgər 2015-ci ildə ticarət dövriyyəsi 2 milyon dollara yaxın idisə, 2016-da 7,3 milyon, 2017-də 8,3 milyon, 2018-də 11,2 milyon və nəhayət, pandemiyadan əvvəlki ildə 15 milyon dollara yaxın olub. Bu, ondan xəbər verir ki, strateji əməkdaşlıqda inkişaf olduğu kimi, iqtisadi əlaqələrdə də artım qeydə alınıb. Bütün bunlar növbəti illərdə ticarət dövriyyəsinin daha da artacağından xəbər verir".

Millət vəkili, həmçinin bildirib ki, Pakistan Azərbaycanın işğaldan azad olunan ərazilərində də potensial investor ölkələrdən biridir: "Pakistan şirkətləri də işğaldan azad olunmuş ərazilərimizə investisiya qoyuluşuna dəvət olunub. Bu, ondan xəbər verir ki, ölkələrimiz arasında sərmayə qoyuluşlarında yeni imkanlar var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti