...

Bu gündən ölkədə özəl baytarlıq sisteminə start verilir (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 31 Avqust 2021 10:18 (UTC +04:00)
Bu gündən ölkədə özəl baytarlıq sisteminə start verilir (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Bu gündən ölkədə özəl baytarlıq sisteminə start verilir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.

O bildirib ki, bununla bağlı model hazırlanıb və təsdiqlənib. Artıq bu gündən etibarən özəl baytarlıq xidmətləri fəaliyyətə başlayır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin rəisi Mirzə Əliyevin sözlərinə görə, ilkin olaraq sabahdan etibarən Şəki, Zaqatala Qax, Balakən rayonlarında özəl baytarlıq xidmətləri fəaliyyətə başlayacaq.

Oktyabrın 1-dən isə 43 rayonda özəl baytarlıq xidmətləri fəaliyyət göstərəcək: "Noyabrın 1-dən isə bütün ölkə üzrə özəl baytarlıq xidmətləri fəaliyyətə başlayacaq".

Baytar həkimlər sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar. Özəl xidmətə keçiddən sonra Aqrar Xidmətləri Agentliyi profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirlərin icrasını (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) xidməti müqavilə əsasında özəl baytar həkimlərə həvalə edəcək. Bundan başqa, özəl xidmətə başlamış baytarlar xidməti müqavilə əsasında ət və ət məhsullarının, süd və süd məhsullarının inspeksiyasını, xəstəliklərə qarşı aktiv və passiv müşahidələri, heyvanların identifikasiyasını və s. tapşırıqları da icra edəcəklər.

Özəl baytar həkimlər passiv müşahidə zamanı hansısa təhlükəli xəstəlikdən şübhələndiyi zaman rayon baytarlıq idarəsinə mütləq məlumat verməli və ölkədə hansisa fövqəladə tədbirlər zamanı köməklik göstərməlidir. Özəl baytarlıq xidmətinə keçməklə xüsusi təhlükəli xəstəliklərin vaxtında və çevik şəkildə aşkarlanması və mübarizə tədbirlərinin ləngimədən təşkili mümkün olacaq. Daha keyfiyyətli baytarlıq xidmətinin təşkili nəticəsində ölkədə mövcud olan xüsusi təhlükəli xəstəliklərin sayı və heyvandarlıq sahəsinə dəyən iqtisadi zərər azalacaq.

Aqrar Xidmətlər Agentliyi ilə müqavilə əsasında baytarların xidmət haqqı Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli Qərarı ilə təsdiqlənmiş “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği” preyskurantına əsasən hesablanıb ödəniləcək. Nəticə etibarilə, dövlət özəl baytarların kifayət qədər işinin olmasını təmin etmək üçün minimal olaraq illik və ya çoxillik müqavilələrə imkan verən davamlı maliyyələşdirməni təmin ediəcək.

Fermerlərin vəsati hesabına maliyyələşən digər xəstəliklər isə özəl baytarlarla fermerlər arasında müqavilə və ya razılaşma əsasında ödənişli şəkildə heyata keçiriləcək. Özəl xidmət fermerə də istədiyi baytarın işini seçmək və səmərəli, sərfəli, keyfiyyətli xidmət almaq imkanı verəcək. Özəl baytarlıq xidmətinin müvəffəqiyyətli olması üçün fermerlər özəl baytarlarda daha səmərəli və keyfiyyətli xidmətləri, peşəyə etik yanaşmanı və öhdəliklərin icrasını, texniki bacarıqları dəyərləndirməlidirlər.

Xəbər lenti

Xəbər lenti