...

Azərbaycanda əmək müqavilələrinin sayında və əməkhaqqı fondunda artım qeydə alınıb

İqtisadiyyat Materials 12 Noyabr 2021 19:41 (UTC +04:00)
Azərbaycanda əmək müqavilələrinin sayında və əməkhaqqı fondunda artım qeydə alınıb

Bakı. Trend:

Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

Trend bu barədə Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

2021-ci il noyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 766.593 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 226.671 say çoxdur. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və bu, gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 115,9 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb, daxilolmalar üzrə proqnoz 292,1 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 1 milyard 986,9 milyon manat təşkil edib, proqnoz 113,2 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artaraq 107,3 milyon manat olub, proqnoz 108,4 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 faiz artaraq 79,5 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5 faiz icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti