...

Baş nazir Əli Əsədov Bakıda keçirilən sərgilərlə tanış olub (FOTO)

İqtisadiyyat Materials 18 May 2022 13:33 (UTC +04:00)
Baş nazir Əli Əsədov Bakıda keçirilən sərgilərlə tanış olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri ilə tanış olub.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, kənd təsərrüfatı naziri İnam Kərimov sərgilərlə bağlı məlumat verdi. Bildirildi ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida sənayesi məhsullarının təşviqi, həmçinin bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətinin cəlb edilməsidir. Məlumat verildi ki, sərgilərdə dünyanın 24 ölkəsini təmsil edən 449 şirkət iştirak edir.

Burada, eyni zamanda, artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunur.

Baş nazir Ə.Əsədov Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin, həmçinin müxtəlif ölkələrin pavilyonları ilə tanış oldu.

Tanışlıq zamanı Baş nazir Ə.Əsədov Türkiyə Respublikasının kənd təsərrüfati və meşəçilik naziri Vahit Kırışçı və İsrail Dövlətinin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ilə söhbət etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti