Bakı. Trend:
Azərbaycanda il başlayandan bu günə qədər avtomobillərin qiyməti 2-5% artıb.
Bu barədə Trend-ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov
deyib.
Onun sözlərinə görə, ötən ay həm yeni, həm də köhnə avtomobillərin
satışı artıb:
"Hər il yaya doğru avtomobillərə tələbat artır. Bu səbəbdən
avtomobillərin qiyməti qalxır. Vətəndaşlar əvvəlki illərlə
müqayisədə yeni avtomobil almağa üstünlük verirlər".
Ekspert bildirib ki, yeni avtomobil bazarında aktivlik təkrar avtomobil bazarından daha çoxdur.
“Ötən ay birinci əl avtomobil bazarında alıcılar "krossover" və
mini "krossover"lərə üstünlük verib. Təkrar avtomobil bazarında isə
əsas tələb mühərrik həcmi 1 500 kubsantimetrdən 2 500 kubsantimetrə
qədər olan "sedan" və "heçbek"lərə olub. Yeni avtomobil bazarında
isə əsas üstünlük hibrid avtomobillərə verilib. Bunlar mühərrik
həcmi 2 500 kubsantimetr olan "krossover"lərdir.
E.Cəfərovun sözlərinə görə, bu ayın sonunda bazarda qiymətlərin bir
qədər artacağı gözlənilir: “Hər rübün sonunda avtomobil
istehsalçıları tərəfindən yeni avtomobillərin qiyməti 2-5 %
artırılır. Məsələn, yanvar-mart ayları ərzində qiymətlərdə 2-5 %
civarında artım var idisə, ikinci rübün sonuna doğru da qiymətlərin
bu həddə yüksələcəyi gözlənilir. Bu, bizim daxili bazarla deyil,
istehsalçı şirkətlərlə əlaqədardır. Qiymət artımının əsas səbəbi
avtomobillərin ehtiyat hissələrinin və logistika qiymətlərinin
artmasıdır. Ümumi götürsək, yay ayında avtomobillərin qiymətinin
artması gözlənilmir".