Bakı. Trend:
Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması və kompleks dövlət dəstəyi tədbirləri iqtisadi aktivliyin bərpasına və daha da yüksəlməsinə gətirib çıxarıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.
O qeyd edib ki, nəticədə cari ilin yanvar-may aylarında, əvvəlki ilin müvafiq dövrünə nisbətən ÜDM 7,2%, qeyri-neft sektorunda 11%, neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 0,5% artıb.
“İqtisadiyyatın bütün sahələrində artım qeydə alınıb, bəzi sahələrdə isə artım templəri əhəmiyyətli dərəcədə yüksək olub. Qeyri-neft qaz sektorunun inkişafına əhəmiyyətli töhfə nəqliyyat və anbar təsərrüfatı, qeyri-neft qaz sənayesi, turizm və ictimai-iaşə sahələrində olub. 2022-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 5 milyard manata yaxın vəsait xərclənib. 2022-ci ilin 5 ayında orta illik inflyasiya 2021-ci ilin eyni dövrü ilə müvafiq inflyasiya göstəricisini 8,4 faiz bəndi üstələyərək 12,6 % təşkil edib”.