...

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə daxil olan vəsait məlum olub

İqtisadiyyat Materials 26 Sentyabr 2022 19:12 (UTC +04:00)
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə daxil olan vəsait məlum olub

Bakı. Trend:

Ölkəmizdə özəlləşdirmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçidi, bu sahədə onlayn xidmətlərin tətbiqi, özəlləşməyə çıxarılan dövlət əmlaklarının müxtəlifliyi investorların, alıcıların cəlb edilməsinə istiqamətlənib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu sahədə aparılan işlərin davamı olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yanvar-avqust ayları ərzində 45 hərrac keçirib. Hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 375 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 270 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 69 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-avqust ayları ərzində hərrac yolu ilə 23 faydalı qazıntı yatağı istismara verilib.

Bu ilin 8 ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə 38,2 milyon manata yaxın vəsait daxil olub.

Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, bu ilin 8 ayı ərzində ümumilikdə 2.847 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 586-sı qeyri-yaşayış sahələri üzrə, 2.261-i isə torpaq sahələrinə dair olub. Bağlanmış icarə müqavilələrinin sayı 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,8 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 16,8 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən 55 milyon manata yaxın vəsait büdcəyə ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti