Bakı. Trend:
Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 3 faizi, qeyri-neft sektorunda isə 5,1 faizi işğaldan azad edilmiş ərazilərdə uzunmüddətli dönəmdə istehsal olunacaq.
Trend-in məlumatına görə, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağ Azərbaycan iqtisadiyyatının canlı parçasıdır:
"İşğaldan azad edilmiş rayonların ölkənin iqtisadiyyatının kənd təsərrüfatı üzrə 10,4 faizi, mədənçıxarma sənayesi 5,3 faizi emal sənayesi üzrə 4,3 faiz, turizm üzrə 5,5 faiz, nəqliyyat xidmətləri üzrə 4,9 faiz digər xidmət sahələri üzrə 1,4 faiz uzunmüddətli təsirləri gözlənilir. Uzunmüddətli perspektivdə bu təsirlərin həcminin daha da böyük olması gözlənilir. Təsirlərin qiymətləndirilməsində kənd təsərrüfatı, dağ-mədən və turizm sektorunda gözlənilən artımlar nəzərə alınıb", - V.Qasımlı deyib.