Xaçmaz. Trend:
Azərbaycan və Rusiya gömrük prosedurlarının sinxronlaşdırılması barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Xanoba gömrük postunun açılış mərasimində baş nazirin müavini Şahin Mustafayev deyib.
"Nəqliyyat sektoru ölkələrimiz arasında əməkdaşlıqda böyük rol oynayır. Azərbaycan ötən ilin sentyabr ayında imzalanmış Bakı bəyannaməsinə sadiqdir. Ölkə bəyannamə çərçivəsində sərhəd məntəqələrinin ötürücülük qabiliyyətinin artırılmasına yönəlmiş layihələr reallaşdırır. Həmçinin avtomobil yolları və körpülərin tikintisi üzrə işlər aparılır. Biz Azərbaycan və Rusiya gömrük prosedurlarının sinxronlaşdırılması barədə razılığa gəlmişik", - o deyib.
Ş.Mustafayev bir ay ərzində Samur və Xanoba məntəqələri arasında 24 km uzunluğa malik dördzolaqlı avtomobil yolunun inşasının bitəcəyini bildirib.
"Həmçinin Bakıdan Rusiya ilə sərhədədək avtomobil yolu inşa edilməkdədir, işlərin iki ay ərzində tamamlanacağı gözlənilir. Həmçinin Bakı-Yalama dəmir yolunun yenidən qurulması aparılır", - o qeyd edib.
Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini deyən Ş.Mustafayev 2022-ci ildə əmtəə dövriyyəsinin 3,7 milyard dollar təşkil edəcəyini (24 faiz artım) əlavə edib.