...

Yeni aviareyslərin açılması Azərbaycanla Qazaxıstan arasında turizmin inkişafına imkan yaradır - "KazISS"in direktoru

İqtisadiyyat Materials 7 Aprel 2023 11:36 (UTC +04:00)
Yeni aviareyslərin açılması Azərbaycanla Qazaxıstan arasında turizmin inkişafına imkan yaradır - "KazISS"in direktoru

Bakı. Trend:

Yeni aviareyslərin açılması Azərbaycanla Qazaxıstan arasında turizmin inkişafına imkan yaradır.

Trend cümə günü xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun (KazISS) direktoru Erkin Tukumov Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ikinci iclasına həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, Qazaxıstanla Azərbaycan arasında hazırkı turist axını yetərli deyil və ölkələrin bu sferadakı potensialına uyğun deyil.

"Turizmin inkişafı ölkələrimiz arasında əlaqələrin səviyyəsini qaldırmağın mühüm məqamlarından biridir. Xalqlarımızın bir-birinin mədəniyyətini və tarixinin daha dərindən bilməsi şübhəsiz Azərbaycanla Qazaxıstan arasında humanitar və mədəni əlaqələrin müsbət dinamikasına mühüm təsir göstərir. Yeni aviareyslərin açılması isə vətəndaşların səfərlərini asanlaşdıracaq ki, bu da hər iki ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək", - E.Tukumov deyib.

Azərbaycan Dövlət Turizm Agentliyinin məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycana Mərkəzi Asiya ölkələrindən 73 823 nəfər əcnəbi səfər edib ki, bu da 2021-ci ilin göstəricisindən (15 516) 4,75 dəfə yüksəkdir.

Məlumatlara əsasən, Qazaxıstandan gələnlərin sayı 30 350 nəfər (illik 4,3 dəfə artım), Türkmənistandan gələnlərin sayı 11 188 nəfər (illik 4,08 dəfə artım), Özbəkistandan gələnlərin sayı 26 309 nəfər (6,2 dəfə artım), Qırğızıstandan gələnlərin sayı 3 240 nəfər (illik 3,87 dəfə artım), Tacikistandan gələnlərin sayı isə 2 736 nəfər (illik 3,33 dəfə artım) olub.

Qeyd etmək lazımdır ki, bütünlükdə beş il ərzində Mərkəzi Asiya ölkələrindən Azərbaycana 411 141 nəfər əcnəbi səfər edib (Qazaxıstandan 167 052 nəfər, Türkmənistandan 119 201 nəfər, Özbəkistandan 96 278 nəfər, Qırğızıstandan 15 467 nəfər, Tacikistandan isə 13 143 nəfər).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti