Bakı. Trend:
Məhz 90-cı illərin ikinci yarısından etibarən, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti əsasında görülən tədbirlərin bir hissəsi olaraq "Təbii inhisarlar haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayıb.
Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Azad rəqabət mühitinin formalaşdırılması və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu" mövzusunda forumda deyib.
"Hazırda müasir Azərbaycanın iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Belə ki, son dövrlərdə dünya iqtisadiyyatında baş verən geosiyasi və iqtisadi proseslər fonunda milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub.
Bu sənəddə öz əksini tapan 5 prioritetdən biri də məhz dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır ki, onun reallaşdırılması üçün sistemli fəaliyyət həyata keçirilir", - deyə o vurğulayıb.
S.Məmmədov əlavə edib ki, ötən müddət ərzində istehlakçıların hüquqlarının müdafiəsi və azad rəqabət mühitinin formalaşması ilə nəticələnən iqtisadi siyasət nəticəsində bu gün iqtisadi sferada keyfiyyət infrastrukturunun qurulmasına, istehlak bazarında sağlam rəqabətin qorunmasına, istehlakçı məmnuniyyətinin təmin edilməsinə nail olunub.
"İstehlakçı hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olmaqla, daim diqqət mərkəzində saxlanılır və bu sahədə dövlət tərəfindən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri həyata keçirilir.
Bildirmək istərdim ki, istehlakçıların hüquqlarının müdafiəsi qaydaları müəyyən standartda və keyfiyyətdə mal və xidmətlərin istehsalını təmin etdiyi üçün istehlakçı hüquqlarının qorunması ilə yanaşı, istehsalın və son nəticədə ölkə iqtisadiyyatının inkişafını təmin edir", - deyə o əlavə edib.
S.Məmmədov görülmüş bütün bu işlər nəticəsində Azərbaycanda güclü özəl sektorun formalaşdığını və artıq müasir texnologiyalara əsaslanan çoxsaylı müəssisələrin fəaliyyətə başladığını bildirib.
"Ölkə strategiyasından irəli gələn tədbirlərin icrası nəticəsində və qəbul edilməsi gözlənilən yeni Rəqabət Məcəlləsi ölkədə rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını təmin edəcək", - deyə o bildirib.