Bakı. Trend:
Bakı Limanı Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz vasitəsilə regional əlaqələrin inkişafına imkan yaratmaqla ticarət, logistika və təchizat zəncirinin inkişafını dəstəkləyir.
Trend xəbər verir ki, bunu Bakı Limanının baş əməliyyat direktoru Yucin Sea Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) URTA Baş Assambleyasının 42-ci iclası çərçivəsində "Ələt" terminalına səfər çərçivəsində deyib.
"Bu strateji rol bütün Avrasiya ərazisində ticarətin və əlaqələrin inkişafına təkan verməklə səmərəli və rentabelli nəqliyyat imkanlarının inkişafına imkan yaradır. Liman həmçinin ekoloji dayanıqlılığıa böyük diqqət ayırmaqla, ekoloji cəhətdən təmiz metodların tətbiqi, bərpa olunan enerji mənbələrdən istifadə və resursların məsuliyyətli idarə olunması hesabına ətraf mühitə təsirləri minimallaşdırmağa çalışır", - deyə o vurğulayıb.
Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.
Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.
Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.
Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
(Tərcümə: Rəna Əbdürəhmanova)