Bakı. Trend:
Yeni il ərəfəsində Bakıdan ölkənin müxtəlif regionlarına axın olur. Quru sərhədləri bağlı olduğundan ölkə vətəndaşlarının əksəriyyəti bayramı müxtəlif şəhər və rayonlarımızda qarşılayırlar.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, qeyri-iş günləri ilə bağlı regionlara axın güclü olacaq.
"Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə öz təsiri göstərir. Əsas səbəb isə tələbin artımıdır. Adi günlərdə 30 manata təklif olunan gündəlik kirayə evin qiyməti bayram ərəfəsində minimum 60 manat olacaq. Qiymətlər regionlardan asılı olaraq dəyişir. Belə ki Quba-Qusar bölgəsi və Qəbələnin qış turizm mərkəzlərinə yaxın olan ərazilərdə qiymətlər daha bahadır. Bu il insanların axını daha çox şimal bölgəsinə olacaq".
Məsələ ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, yerli turistlər bayramı bölgələrdə keçirməyə daha çox üstünlük verirlər.
"Əsas səbəb Yeni il günlərində xaricə olan tur paketlərin qiymətinin baha olmasıdır. Bu səbəbdən də yerlərdə olan hotellər dolu olur. Belə olduqda bölgələrdə yaşayan sakinlər öz evlərini yerli və əcnəbi turistlərə kirayə verirlər. Bu da evlərini kirayə verən sakinlərin sosial rifahına müsbət təsir edir.
Lakin tələb təklifi üstələyəndə qiymət artımı müsbət olur. Bölgələrdə villalar var ki, orda üç-dörd ailə qala bilir. Həmin villaların hər şəraiti var. Belə villaların qiymətləri 300-350 manat aralığında dəyişir. Belə villaları dörd ulduzlu hotellə müqayisə etmək olar. Ancaq hovuzu olmayan evlərin qiyməti 100-150 manat arasında dəyişir.
Belə evlər, əsasən, İsmayıllı, Quba, Qusar, Qəbələ bölgələrindədir. Bu bölgələrdə qiymət artımı nəzərə çarpır. Sadə evlərin bir günlük qiyməti 100 manatdan başlayır. Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər nisbətən ucuzdur. Bu bölgədə hər şəraiti olan villaların qiyməti 100-150 manat arasındadır. Sadə evlərin bir günlük kirayəsi isə minimum 50 manatdan başlayır.
Turistlərin ən az maraq göstərdiyi cənub bölgəsidir", - deyə o qeyd edib.
İsmayıllıda ev kirayəsi ilə məşğul olan Elnur Əliyev bildirib ki, bayram günləri olduğundan həyət evlərinin qiyməti bahalaşıb.
"Müraciət edənlərin arasında ailəlilər üstünlük təşkil edir. On gün əvvəl birotaqlı evin qiyməti 50 manat idisə, hazırda həmin evlərin qiyməti 70-80 manat, 100 manatlıq evlərin qiyməti isə 100-150 manat arasında dəyişir. Ən çox bahalaşma "kamin"lərin olduğu evlərdə qeydə alınıb. Belə ki, həmin evlərin günlük kirayəsi şəraitinə görə iki dəfə artıb. Adi günlərdə 60 manata olan ev 120 manata təklif edilir", - deyə o qeyd edib