Bakı. Trend:
Son yüzillik ərzində Yer səthinin orta temperaturu əhəmiyyətli dərəcədə artıb ki, bu da iqlim dəyişikliyini bu gün ən aktual qlobal problemlərdən birinə çevirib. İqlim dəyişmələri təbii olaraq günəş aktivliyi və ya vulkan püskürmələri kimi amillər səbəbindən baş verə bilsə də, 1800-cü illərdən bəri insan fəaliyyəti istixana qazlarının emissiyalarının kəskin artmasının əsas səbəbi olub.
Trend xəbər verir ki, bu qazlar istiliyi saxlayır və qlobal istiləşməyə səbəb olur.
Əsas səbəb qazıntı yanacağının yandırılmasıdır. Buraya CO₂-nin əsas mənbələri olan elektrik enerjisi istehsalı, istilik, sənaye prosesləri və nəqliyyat vasitələrinin emissiyaları daxildir. Sement və polad istehsalı kimi sənaye fəaliyyətləri də əhəmiyyətli miqdarda CO₂ və digər istixana qazlarının emissiyası ilə nəticələnir.
Meşələrin qırılması və kənd təsərrüfatının genişləndirilməsi də əsas amillərdir. Kənd təsərrüfatı, ağac tədarükü və şəhər inkişafı üçün meşələrin qırılması karbon udan ağacların sayını azaldır. Meşələrin və su-bataqlıq ərazilərinin kənd təsərrüfatı ərazilərinə çevrilməsi emissiyaları artırır və torpağın karbon qazını udmaq qabiliyyətini azaldır.
Kənd təsərrüfatı fəaliyyətlərindən bəhs edərkən həmçinin qeyd etmək olar ki, kənd təsərrüfatı heyvanları tərəfindən qidanın həzm edilməsi prosesində güclü istixana qazı olan metan (Ch₄) formalaşır. Sintetik gübrələrdən istifadə digər güclü istixana qazı olan azot oksid (N₂O) emissiyası ilə nəticələnir.
Vulkan püskürmələri və günəş aktivliyi kimi təbii amillər iqlim dəyişikliyində həqiqətən rol oynasa da, onların təsiri insan fəaliyyəti ilə müqayisədə azdır. Misal üçün, vulkanlar karbon və digər qazlar buraxsalar da, onların emissiyaları qazıntı yanacaqların yandırılması nəticəsində yaranan tullantılarla müqayisədə nisbətən azdır. Eynilə, günəş radiasiyasındakı dəyişikliklər son iqlim tendensiyalarına insan fəaliyyəti ilə müqayisədə daha az təsir göstərir.
Buzlaqların əriməsi ilə Yer səthi daha çox günəş enerjisini udmaqla və istiləşməni sürətləndirməklə daha az əks etdirir. Buzlaqların əriməsi metan və karbon buraxır ki, bu da qlobal temperaturu daha da artırır.
İqlim dəyişmələrinin nəticələri geniş yayılıb. Onlar insan sağlamlığına, qida məhsullarının istehsalına, yaşayış yeri, təhlükəsizlik və iş yerləri ilə əlaqədar məsələlərə təsir göstərir. Bundan ən çox kiçik ada dövlətlərində və inkişaf etməkdə olan ölkələrdə həssas əhali zərər çəkir. Dəniz səviyyəsinin yüksəlməsi və duzlu suyun artması artıq əhalini köçməyə məcbur edib, uzun sürən quraqlıqlar isə aclıq riskini artırır. Gələcəkdə daha çox insanən ekstremal hava hadisələri nəticəsində öz evlərini tərk etmək məcburiyyətində qalacağı gözlənilir.
NOAA-nın 2023-cü il üzrə Qlobal İqlim Hesabatına görə, 2023-cü ilin hər ayı bütün müşahidələr tarixi ərzində ən isti aylardan biri idi. İlin ikinci yarısında (iyun-dekabr) bütün müşahidələr tarixi boyu ən isti aylar müşahidə olunub: iyul, avqust və sentyabr aylarında temperatur orta göstəricidən 1,0°C-dən (1,8°F) çox yüksək olub.
İqlim dəyişikliyi ilə mübarizə həm hökumətlər, həm də bizneslər tərəfindən mühüm maliyyə sərmayəsi tələb edir. Lakin fəaliyyətsizlik daha da baha başa gələcək. Zəngin ölkələr üçün mühüm addım inkişaf etməkdə olan ölkələrə daha ekoloji iqtisadiyyata adaptasiya və keçiddə yardım üçün hər il 100 milyard dollar ayırmaq öhdəliyini yerinə yetirməkdir.
Energetika nazirinin müavini və COP29-un baş direktoru Elnur Soltanov vurğulayıb ki, COP29 iqlim dəyişikliyisahəsində qlobal tədbirlər üçün həyati əhəmiyyət kəsb edən bu fondun 100 milyard dollar artırılmasına diqqət yetirəcək. O, həmçinin qeyd edib ki, Paris sazişinin karbon bazarları ilə əlaqəli 6-cı maddəsi əsasdır. Bu, qlobal əməkdaşlığı və maliyyə stimullarını təşviq etməklə, bir ölkədə istixana qazları emissiyalarının azaldılmasının digər ölkələrin maraqları üçün satıla biləcəyi istem yaratmağı hədəfləyir.
Noyabr ayında Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişmələri sahəsində qlobal tədbirlərin növbəti mərhələsinin formalaşmasında əsas hadisə olacaq. Bu konfransın yekunları beynəlxalq ictimaiyyətin əməkdaşlığı aktivləşdirməyə, ambisiyaları yüksəltməyə, eləcə də ədalətli və səmərəli tədbirlər təmin etməyə çalışmaqla iqlim dəyişikliyi ilə necə mübarizə aparacağına təsir göstərəcək.
E.Soltanov COP29-un potensial nəticələri ilə bağlı nikbinliyini ifadə edərək vurğulayıb ki, uğurun yekun nəticəsi istixana qazlarının hiss olunacaq dərəcədə azalması olacaq. O, regional sabitliyin və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun ölkənin iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə liderliyinin sübutu olduğunu vurğulayıb."Məqsədimiz aydındır: emissiyaların nəzərəçarpacaq dərəcədə azalmasına nail olmaq və bu həm Azərbaycana, həm də bütün dünyaya fayda verəcək", - deyən nazir müavini ölkənin səmərəli iqlim həlləri tətbiq etmək qabiliyyətindən əminliyini ifadə edib.
COP29 yaxınlaşdıqca hər birimizin iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verməsi vacibdir. Enerji istehlakını azaltmaqdan başlayın, ehtiyac olmadıqda işıqları söndürün və enerjiyə qənaət edən cihazlar seçin. Günəş enerjisi kimi bərpa olunan enerji mənbələrinə keçidi nəzərdən keçirin. Tullantıları minimuma endirməklə, onları təkrar emal etməklə və birdəfəlik plastiklərdən imtina etməklə dayanıqlı inkişafa nail olun. Digərlərinə iqlim dəyişikliyindən bəhs edin və yerli ekoloji təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərin. İqlim dəyişikliyi ilə mübarizədə hər bir tədbir önəmlidir və biz birlikdə planetimizi gələcək nəsillər üçün qorumağa kömək edə bilərik.
(Tərcümə: Rəna Əbdürəhmanova)