Bakı. Trend:
Azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə təhsil haqlarının ödənilməsi məqsədilə ilkin hesablamalara görə, 3 min nəfər üçün 3.5 milyon manat vəsait ayrılacaq.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Dəyişikliklər qəbul olunacağı təqdirdə, 2025-ci il sentyabrın 15-dən tətbiq ediləcək.