Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,2 milyon ton neft emal edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 min ton və ya 9,1% çoxdur.
Belə ki, keçən ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon tona yaxın təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında respublikada 4,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 2,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,1 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.
İki ay ərzində 3,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,2 milyon tonu konsorsiumların, 0,4 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Cari ilin fevral ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 77,5 min ton (584 min barrel) olub. Bunun 63,1 min tonunu (465 min barrel) xam neft, 14,4 min tonunu (119 min barrel) kondensat təşkil edib.