...

Bazar iştirakçıları ayrılıqda deyil, artıq böyük bir komanda kimi fəaliyyət göstərirlər - Taleh Kazımov

İqtisadiyyat Materials 14 Aprel 2025 17:02 (UTC +04:00)
Bazar iştirakçıları ayrılıqda deyil, artıq böyük bir komanda kimi fəaliyyət göstərirlər - Taleh Kazımov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bazar iştirakçıları ayrılıqda deyil, artıq böyük bir komanda kimi fəaliyyət göstərirlər, təbii olaraq aralarındakı rəqabəti də diqqətdə saxlayırlar.

Trend xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin 35-ci və onun törəmə qurumu olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin fəaliyyətinin 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycanın bütün sahələrində inkişafın və yüksək dinamikanın təmin olunduğunu vurğulayıb. Sədr prezidentin rəhbərliyi altında son illərdə bank sektorunun əhəmiyyətli dərəcədə inkişaf etdiyini və potensial təhdidlərə qarşı dayanıqlılığının yüksəldəldildiyini, eləcə də iqtisadi subyektlərin maliyyə resurslarına əlçatanlığının genişləndirildiyini diqqətə çatdırıb.

Taleh Kazımov maliyyə inklüzivliyindən danışarkən bu istiqamətdə təşəbbüslərin həyata keçirilməsində ABA-nın mühüm rola malik olduğunu vurğulayıb. O, Mərkəzi Bank ilə ABA arasında əməkdaşlığın sektorun müasirləşdirilməsinə və innovasiyaların təşviqinin genişləndirilməsinə təkan verdiyini qeyd edib.

Sədr sektorda səmərəli əməkdaşlığın qurulmasının inkişaf baxımından mühüm töhfə olduğunu vurğulayıb: “Bazar iştirakçıları ayrılıqda deyil, artıq böyük bir komanda kimi fəaliyyət göstərirlər, təbii olaraq aralarındakı rəqabəti də diqqətdə saxlayırlar. Bu sinerjiyə görə də ABA-nın və bankların rəhbərlərinə öz təşəkkürümü bildirirəm.”

T. Kazımov maliyyə sektorunun dayanıqlı inkişafı üçün əlverişli mühitin yaradılmasına görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Türkiyə Banklar Birliyi İdarə Heyətinin sədri Alpaslan Çakar və ABA-nın prezidenti Zakir Nuriyev açılış nitqi ilə çıxış ediblər. Spikerlər maliyyə-bank sektorunun inkişaf mərhələlərindən, həmçinin bu illər ərzində əldə olunmuş mühüm nailiyyətlərdən danışıblar.

Bundan başqa, tədbirdə vaxtilə Bank Tədris Mərkəzi, hazırda isə Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi kimi fəaliyyət göstərən qurumun keçdiyi inkişaf mərhələləri, Mərkəzin yalnız bank sektorunda deyil, ümumilikdə maliyyə sektorunda kadrların peşəkar inkişafı və sektorda çalışan şəxslərin bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli paya malik olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, maliyyə sektoru üçün əlamətdar olan bu tədbirdə dövlət rəsmiləri və maliyyə sektorunu təmsil edən rəhbər şəxslərlə yanaşı, ABA-nın əməkdaşlıq etdiyi xarici assosiasiya və təşkilatların nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti