...

Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə ASF-yə 76 müraciət daxil olub

İqtisadiyyat Materials 21 Aprel 2025 11:26 (UTC +04:00)
Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə ASF-yə 76 müraciət daxil olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə respublika ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində bir sıra rayonlarda güclü yağış, sel, subasma, güclü külək, qasırğa, fırtına, temperaturun kəskin aşağı düşməsi və dolu yağması halları qeydə alınıb.

Baş verən təbii hadisələr nəticəsində bəzi rayonlarda meyvə bağlarına və əkin sahələrinə ziyan dəyib.

Aqrar Sığorta Fondundan (ASF) Trend-ə verilən məlumata görə, 14–20 aprel tarixlərində Fonda ümumilikdə 15 rayon üzrə 76 müraciət daxil olub.

Bildirilib ki, müraciət edən fermerlər əsasən Xaçmaz, Bərdə, Ağsu, Quba, Şamaxı, Şabran, Qusar, Ağdaş, Neftçala və digər rayonların sakinləridir. Məlumata əsasən, daxil olan müraciətlərin 36-sı sel-subasma, 40-ı isə fırtına və qasırğanın təsərrüfatlara vurduğu zərərlə bağlıdır.

Aqrar Sığorta Fondundan bildirilib ki, qeyd edilən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığortalatmış fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır: "Hazırda ekspertlər hadisə baş verən ərazilərə baxış keçirir, baş vermiş hadisələri və onların nəticələrini qeydə alır, ilkin qiymətləndirmə aparırlar. Araşdırmalar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta ödənişləri həyata keçiriləcək".

"Aqrar Sığorta Fondu bir daha təsərrüfatlarını sığortalatmış fermerləri öz sahələrinə diqqətlə baxış keçirməyə və baş verən hadisələrlə bağlı operativ şəkildə Fonda müraciət etməyə çağırır. Eyni zamanda Fond indiyədək dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə etməmiş fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti