...

Azərbaycan ilə Çin münasibətləri YENİ MƏRHƏLƏDƏ – Vizasız səyahətin iqtisadi perspektivləri

İqtisadiyyat Materials 24 Aprel 2025 08:00 (UTC +04:00)
Azərbaycan ilə Çin münasibətləri YENİ MƏRHƏLƏDƏ – Vizasız səyahətin iqtisadi perspektivləri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Çin arasında əməkdaşlıq son illərdə bir sıra sahələr üzrə inkişaf edir və bu əməkdaşlıq həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradır.

Səfər çərçivəsində hər iki dövlətin xarici işlər nazirləri tərəfindən Azərbaycanla Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı sazişin imzalanması isə iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafını özündə əks etdirir.

Zəngəzur dəhlizi perspektivi ilə bağlı yüksək gözləntilər formalaşır

Mövzu ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib ki, Çin və Azərbaycan arasında bu gün imzalanmış sənəd bir çox istiqamətlərdə fürsətlər verəcək.

O, ilk növbədə qeyd edib ki, artıq Azərbaycan sahibkarları Çində sərgilərə, işgüzar danışıqlara və digər məsələlərin dalınca viza almadan gedə biləcək: “Bu isə həm idxal çeşidinin zənginliyi, həm də öz məhsullarımızın, xüsusilə kənd təsərrüfatı və qida məhsullarının orada təbliği üçün real fürsətdir.

Çinli investorlar da eyni ilə ölkəmizə vizasız səfər edə biləcəyi üçün sənaye zonalarımıza, texnoparklarımıza və innovasiya layihələrimizə yeni sərmayələrin cəlb olunması şansı artacaq”.

İqtisadçının sözlərinə görə, həmçinin, Zəngəzur dəhlizi perspektivi ilə bağlı yüksək gözləntilər formalaşır:

“Ölkəmizin logistik mərkəz statusu daha da möhkəmlənir. Çin texnologiyalarının ölkəmizə layihələr şəklində ayaq açmasına ciddi şans yaranır.

“Yaşıl enerji” sahəsində Çin təcrübəsi Azərbaycanın enerji keçidi strategiyasını dəstəkləməsi imkanı verir. Bu ölkənin Azərbaycanın əqli mülkiyyət sisteminə maraq göstərməsi isə bizim texnoloji startaplarımız üçün beynəlxalq müdafiə və kommersiyalaşma imkanlarını artırır”.

E.Əmirov vurğulayıb ki, turist məsələsi isə ən tez hiss ediləcək müsbət tərəflərdən biri olacaq: “Çünki Çin dünyada ən çox turist göndərən ölkələrdən biridir — 2023-cü ildə xaricə 87 milyon nəfər səfər edib. Bu axının bir hissəsini Azərbaycana yönləndirmək artıq real görünür. Bu da turizm sektoruna nələr vəd edəcəyini özündə əks etdirir”.

Azərbaycanın Çinlə qarşılıqlı vizaların ləğv edildiyi 26-cı ölkə olmasını rəsmi Pekinin ölkəmizə verdiyi strateji etimad kimi qəbul etmək olar

“Ən vacib qeyd etmək istədiyim isə odur ki, Çin artıq öz iqtisadi potensialı ilə sərhədlərinə sığmayan ölkəyə çevrilib. O, genişlənmək üçün yeni etibarlı tərəfdaşlar axtarır. Azərbaycan isə bu mənada onun üçün həm etibarlı, həm də strateji baxından əvəzolunmaz tərəfdaşdır. Odur ki, 2024-cü ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 27,7% artaraq 3,7 milyard dollara çatsa da, bu rəqəm hələ potensialdan çox uzaqdır. Hazırda qarşılıqlı investisiya və idxal-ixrac imkanlarının genişlənməsi bu rəqəmi dəfələrlə artırmaq potensialına malikdir”, - iqtisadçı qeyd edib.

“Bu günə qədər Çin 25 ölkə ilə qarşılıqlı vizasız gediş-gəlişlə bağlı sənəd imzalayıb. Azərbaycan Çinlə qarşılıqlı vizaların ləğv edildiyi 26-cı ölkə oldu. Bunun özünü də rəsmi Pekinin ölkəmizə verdiyi strateji etimad kimi qəbul etmək olar.

Bir sözlə, bu səfərin nəticələri daha gələcək illərə hesablandığı üçün onu xüsusi strateji əhəmiyyətli səfər kimi xarakterizə etmək olar”, - deyə E.Əmirov əlavə edib.

Milli Məclisin deputatı Vüqar Bayramov isə hesab edir ki, Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verəcək.

O xatırladıb ki, 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1.9 dəfə artaraq 45 min nəfərə çatıb:

“Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1.8 dəfə artıb. Bu, o deməkdir, ilk 3 ayda 9 minə yaxın Çin vətəndaşı Azərbaycana səfər edib. 2024-cü ildə Çinə səfər edən turistlərin sayı 61 faiz artaraq 132 milyon nəfərə çatıb. Bu isə Çin üçün 6.4 trilyon yuan gəlir deməkdir”.

Yeni anlaşma Azərbaycandan Çinə gedənlərin sayına təsir edəcək

“Yeni anlaşma Azərbaycandan Çinə gedənlərin sayına təsir edəcək. Bir tərəfdən, Azərbaycan Hava Yollarının Bakı ilə Pekin arasında birbaşa uçuşlar həyata keçirməsi, digər tərəfdən vizasız rejim hər iki ölkə vətəndaşları üçün yeni imkanlar yaradacaq. Bu baxımdan, viza anlaşması yalnız turizm sahəsində deyil, bütövlükdə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq üçün yeni imkanlar deməkdir”, - deyə V.Bayramov qeyd edib.

İki ölkə arasında ticarət əməliyyatları artır

Azərbaycanla Çin arasında ticarət dövriyyəsində də artım dinamikası müşahidə olunmaqdadır. Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 1,02 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 279,8 milyon ABŞ dolları və ya 37,4% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 8,54%-i həcmində olub. Bununla da Çin hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında dördüncü pillədə qərarlaşıb.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Çinə 23,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 milyon ABŞ dolları və ya 4,6 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana 1 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 261,6 milyon ABŞ dolları və ya 35,6% artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ikinci pillədə qərarlaşıb.

Ümumilikdə, Azərbaycanla Çin arasında olan bu dinamika ölkələrarası münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir və bu tərəfdaşlıq hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində yeni imkanlar yaratmaqla yerli bazarların canlanmasına və iş imkanlarının artmasına töhfə verəcək.

Bir sözlə, vizasız səyahət imkanlarının yaradılması iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşməsinə, eləcə də, turizm, iqtisadi və mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə vermək məqsədi daşıyır.

Bu, təkcə diplomatik münasibətlərin deyil, xalqlar arasında dostluğun və mədəni yaxınlığın da inkişafına güclü impuls verəcək, əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti