...

Azərbaycanın maliyyə sektorunda ötən həftənin əsas məqamları – Həftəlik icmal

İqtisadiyyat Materials 2 Fevral 2026 18:18 (UTC +04:00)
Azərbaycanın maliyyə sektorunda ötən həftənin əsas məqamları – Həftəlik icmal
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə Azərbaycanda maliyyə sektorunda bir sıra mühüm açıqlamalar və institusional inkişaflar qeydə alınıb. Bank sektoru, sığorta bazarı, kapital bazarları, fiskal göstəricilər və makroiqtisadi göstəricilər üzrə açıqlanan rəsmi məlumatlar ümumilikdə maliyyə sabitliyinin qorunduğunu və sektorların inkişaf meyillərinin davam etdiyini göstərir.

Bank və monetar sektor

Azərbaycan Mərkəzi Bankı ötən həftə bank sektorunun 2025-ci ilin yekunlarına dair statistik göstəricilərini açıqlayıb. Hesabata əsasən, ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502-yə, şöbələrinin sayı 87-yə, bankomatların (ATM) sayı isə 3 486-ya çatıb. Bank sektorunda çalışanların sayı dekabr ayında 1,4% artaraq 27 389 nəfər olub.

2025-ci ilin sonuna bank sektorunun cəmi aktivləri 57,1 milyard manat, öhdəlikləri 49,7 milyard manat, balans kapitalı isə 7,3 milyard manat təşkil edib. İl ərzində bank aktivləri 7,7%, öhdəliklər 7,2%, balans kapitalı isə 11% artıb.

Kredit portfeli dekabr ayında 1,3% artaraq 30,1 milyard manata yüksəlib. Kreditlərin 53,6%-i biznes, 31,1%-i istehlak, 15,3%-i isə ipoteka kreditlərinin payına düşüb. İl ərzində kredit portfeli ümumilikdə 9,4% genişlənib.

Depozitlər bank öhdəliklərinin əsas hissəsini təşkil etməkdə davam edib. Depozit portfeli 38,2 milyard manata çataraq ümumi öhdəliklərin 76,8%-ni təşkil edib. Fiziki şəxslərin əmanətlərinin 68,5%-i milli valyutada saxlanılır. Dekabr ayında müddətli əmanətlərin həcmi 3,5% artıb, unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 29% yüksəlib.

2025-ci il ərzində bank sektoru 1,16 milyard manat xalis mənfəət əldə edib və dövlət büdcəsinə 316,8 milyon manat mənfəət vergisi ödəyib.

Monetar göstəricilərə görə, manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nisbətən 10,2% artaraq 40,4 milyard manata çatıb. Bank sektorunun xarici öhdəlikləri isə əsasən qeyri-rezident banklardan cəlb edilən qısamüddətli kreditlər hesabına artıb.

Ödənişlər və nağdsız əməliyyatlar

Ötən həftə açıqlanan məlumatlar nağdsız ödənişlərin artım trendini təsdiqləyib. Banklar və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı dekabr ayının sonunda 22 milyona yaxınlaşıb. Kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi dekabrda 10,1 milyard manatı ötüb ki, bunun da əsas hissəsi elektron ticarətin payına düşüb. İlin əvvəlindən nağdsız əməliyyatlar ölkədaxili kart əməliyyatlarının 67,6%-ni təşkil edib.

Sığorta bazarında da ötən həftə mühüm açıqlamalar verilib. Bildirilib ki, Azərbaycanda sığorta haqlarının həcmi artıq 1,5 milyard manata çatıb. 16 sığorta şirkəti tərəfindən ötən il toplanan sığorta haqlarının müqabilində 920 milyon manat sığorta ödənişi həyata keçirilib.

Kapital bazarları və Bakı Fond Birjası

Kapital bazarları üzrə də ötən həftə diqqətçəkən yeniliklər olub. Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal emissiya tələbinin 500 min manata endirildiyini açıqlayıb. Bu addım bazara çıxışı genişləndirməyi və kiçik maliyyə institutlarının kapital bazarlarına cəlbini hədəfləyir.

Eyni zamanda ötən həftə Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Trend-ə müshaibə verib. O, müsahibəsində Beynəlxalq inkişaf banklarının Bakı Fond Birjasında (BFB) yerli valyutada (manat) emissiya etməyə marağının olduğunu bildirib. Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəyişkən faizli manat istiqrazlarının ticarətə buraxılması kapital bazarlarının dərinləşməsi baxımından mühüm hadisə kimi qiymətləndirilib. Birja regional və qlobal inteqrasiya, eləcə də “yaşıl istiqrazlar” seqmentinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

Fiskal göstəricilər və dövlət maliyyəsi

Maliyyə Nazirliyinin açıqlamasına görə, 2025-ci ildə icmal büdcənin gəlirləri 47,96 milyard manat, xərcləri isə 44,65 milyard manat olub. Nəticədə 3,3 milyard manat profisit formalaşıb. Dövlət borcunun həcmi isə 1 yanvar 2026-cı il tarixinə ÜDM-in 20,1%-i səviyyəsində qiymətləndirilib ki, bu da beynəlxalq müqayisədə aşağı göstərici hesab olunur.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasına ötən il dövlət büdcəsindən təxminən 4,5 milyard manat vəsait ayrılıb.

Xarici maliyyə əməkdaşlığı və makroiqtisadi mənzərə

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 54 layihəyə ümumilikdə 5,2 milyard ABŞ dolları vəsait ayrıldığı bildirilib. Bu layihələr əsasən infrastruktur, yaşıl enerji, məşğulluq və regional inkişaf sahələrini əhatə edir.

Makroiqtisadi göstəricilərə görə, 2025-ci ildə qeyri-neft-qaz ixracı 8,1% artaraq 3,63 milyard ABŞ dolları ilə rekord səviyyəyə çatıb. Xarici ticarət balansı qızıl idxalı nəzərə alınmadan müsbət olaraq qalıb.

Eyni zamanda, beynəlxalq maliyyə qurumları AMB-nin əsas uçot dərəcəsini yaxın iclasda dəyişməyərək 6,75% səviyyəsində saxlayacağını proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti