Bakı. Trend:
Azərbaycanda fintex ekosisteminin növbəti mərhələdə institusional əsaslarının gücləndirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov öz rəsmi "X" sosial şəbəkə hesabında yazıb.
“Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının (AzFina) üzvləri ilə görüş keçirdik. Görüşdə fintex ekosisteminin növbəti mərhələdə institusional əsaslarının gücləndirilməsi, sektorla Mərkəzi Bank arasında əməkdaşlığın daha sistemli qurulması və 2027–2030-cu illər strateji çərçivəsi üzrə prioritet istiqamətləri müzakirə etdik. Eyni zamanda, maliyyə sisteminin bütövlüyünün qorunması, dələduzluq və qanunsuz əməliyyatlara qarşı nəzarət mexanizmlərinin daha da sərtləşdirilməsinin prioritet olduğunu vurğuladıq”, - paylaşımda qeyd edilib.
