Azərbaycan, Bakı, 14 may/ Trend , müxbir A.Bədəlova/ İnflyasiyanın sürətlənməsi faiz dərəcələrinin azaldılmasını məhdudlaşdırır. Bu barədə İngiltərə Bankının inflyasiyaya dair rüblük hesabatı üzrə çərşənbə günü Bloomberg telekanalının efirində çıxış edən bankın rəhbəri Mervin Kinq (Merwyn King) məlumat verib.
"Hazırda faiz dərəcəsini dəyişmək lazım deyil. Yüksək inflyasiya templəri bank rəhbərliyinin dərəcələri azaltmasına mane olur", - o bildirib.
İngiltərə Bankı Avropa Mərkəzi Bankı ilə sonuncu iclasında faiz dərəcəsini dəyişdirməyərək illik beş faiz səviyyəsində saxlayıb. Bank dekabrdan baza dərəcəsini üç dəfə azaldıb. İnflyasiya təhlükəsinə qarşı tədbir kimi faiz dərəcəsi sonuncu dəfə bu ilin aprelində 0,25 faiz azaldılıb.
Bankın müəyyən etdiyi məqsədli inflyasiya səviyyəsi iki faizdir. Kinqin sözlərinə görə, bank inflyasiyanın məqsədli səviyyəni ötə biləcəyindən ehtiyat etdiyi üçün, faiz dərəcəsini azalda bilməz. Onun sözlərinə görə, 2009-cu ildə baza dərəcəsi 4,5 faizədək azaldıldığı halda, inflyasiya İngiltərə Bankının məqsədli səviyyəsindən yüksək olacaq.
Kinq, ortamüddətli perspektivdə inflyasiyanın yüksəlmə riskinin artdığını bildirib. Bank bir neçə rüb ərzində inflyasiyanın üç faizdən çox olacağını proqnozlaşdırır.
Daşınmaz əmlak bazarının artım templərindən danışan Kinq, Böyük Britaniya bazarının artım tempinin azalmasının ABŞ-la müqayisədə, o qədər də güclü olmadığını bildirib. Bank, daşınmaz əmlaka olan qiymətlərin ümumi surətdə düşəcəyini proqnozlaşdırır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]