Azərbaycan, Bakı, 20 may/ Trend , müxbir S.Babayeva/ Azersu SC istifadə edilmiş elektrik enerjisinə görə "Sumqayıtelektrikşəbəkə" SC-ə yaranmış borcunu suya görə abunəçilərdən aşağı yığım səviyyəsi ilə izah edir.
"Bizim "Sumqayıtelektrikşəbəkə"yə olan borcumuz əsaslandırılıb. Borc suya görə aşağı yığımla bağlıdır", - Azersu-nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aqşin Rüstəmov çərşənbə axşamı bildirib.
Rüstəmovun sözlərinə görə, yanvar-apreldə su və kanalizasiya xidmətlərinə görə yığımların səviyyəsi 68,4 faiz, o cümlədən əhalidən 46 faiz təşkil edib. SC-nin abunəçilərinin 80 faizini isə əhali təşkil edir.
"Biz borcumuzu mümkün qədər ödəməyə çalışırıq. Unutmaq lazım deyil, ki, Azersu borclarla yanaş,ı təmir-tikinti işlərinə, suyun təmizlənməsi üçün reagentlərin alınmasına xərc çəkir, büdcəyə vergi ödəyir və pul keçirir, Dünya Bankı, AYİB-in kreditlərini ödəyir", - şöbə rəhbəri bildirib. Azersu SC-nin bir kubmetr içməli suyun maya dəyərinin strukturunda enerji daşıyıcılarının payı 45 faizdir.
"Sumqayıtelektrikşəbəkə" tərəfindən enerji ilə təchizatı dünən axşamdan dayandırılan Azersu-nun nasosları Sumqayıt şəhərinin 70 faizə qədərini və Bakının Binəqədi rayonunu su ilə təmin edir. Nasoslar Ceyranbatan su anbarının bazasında yerləşib.
"Sumqayıtelektrikşəbəkə"nin paylayıcı şəbəkəsi "Şimal- 1" xətti üzər verilən enerjini kəsib. "Azersu borclarını ödəməyə başlamasa, Bakının əksər rayonlarına su verən nasosları qidalandran "Şimal- 2" xətti də kəsiləcək", - bazar ertəsi "Sumqayıtelektrikşəbəkə"dən bildiriblər.
"Sumqayıtelektrikşəbəkə"nin məlumatlarına görə, elektrik enerjisi verilişinin kəsilməsi Azersu-nun 38 mln. manat məbləğində (2008-ci il yanvarın 1-ə) böyük borcuna görə baş verib. Yanvar-apreldə Azersu-nun borcu daha 3,45 mln. manat artıb.
"Elektrik enerjisi, borc məsələsi həll edildikdən və onun qaytarılmasına dair sənəd imzalandıqdan sonra veriləcək", - "Sumqayıtelektrikşəbəkə"dən bildiriblər.
Rüstəmovun sözlərinə görə, SC yanvar-apreldə "Sumqayıtelektrikşəbəkə"yə 795,3 min manat ödədiyi halda, ötən ilin həmin ayları ərzində cəmi 234,1 min manat ödəyib. Tərəflər arasındakı razılaşmaya görə, SC hər rüb "Sumqayıtelektrikşəbəkə"yə 750 min manat ödəməlidir.
"Biz [Azersu] problemi danışıqlar yolu ilə həll etmək istəyirik və bu, hazırda bizim ən vacib vəzifəmizdir", - Azersu-nun nümayəndəsi bildirib.