Azərbaycan, Bakı, 25 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Neft ixrac edən ölkələr təşkilatı (OPEK) Rusiyanı üzvlərindən biri kimi görmək arzusunu ifadə edib,- OPEK-in prezidenti və Əlcəzairin energetika naziri Şakib Xəlil bildirib.
Əvvəllər Rusiya tərəfdən dünya neft bazarında qiymətləri sabitləşdirmək üçün OPEK ilə səyləri birləşdirmək barədə təklif gəlib. RF - nin energetika naziri Sergey Şmatkonun sözlərinə görə, oktyabrda Rusiya və OPEK- in əməkdaşlıq haqqında memorandum imzalayacağı gözlənilir. Rusiya neftin qiymətlərinin formalaşdırılmasına daha fəal təsir etməyə hazırlaşır. Energetika Nazirliyi müvafiq təkliflər hazırlayır və OPEK-in növbəti sessiyasında bu təkliflər açıqlanacaq. Rusiya kartelə daxil olmaq barədə rəsmi sorğu göndərməyib.
Trend - ın cümə axşamı sorğu apardığı analitiklər Rusiyanın OPEK-ə daxil olmaq perspektivlərinə şübhə edir və dünya neft bazarında əhəmiyyətli dəyişikliklərin olacağını gözləmirlər.
İtaliyanın Bruno Leoni institutu energetika departamentinin direktoru Karlo Staqnaronun (Carlo Stagnaro) rəyinə görə, Rusiyanın OPEK-ə mümkün üzvlüyü heç bir şeyi əhəmiyyətli dərəcədə dəyişməyəcək.
Staqnaronun cümə axşamı elektron poçtla Trend -a bildirdiyinə görə, bir tərəfdən, indiyədək OPEK-in xarici qüvvələrə müqavimət göstərmək problemi var, həmçinin, kvotaların müəyyən edilməsi ilə bağlı kartelin özünün daxilində çətinliklərlə qarşılaşır.
İtaliyalı analitikin sözlərinə görə, OPEK-in Vyanada keçirilən sonuncu iclası bunu açıq şəkildə göstərib. Sentyabrın əvvəlində OPEK iclasda neftin hasilatını sutkada 520 min barel - sutkada 28,8 mln. barelədək azaltmaq barədə qərar qəbul edib.
"Digər tərəfdən, Rusiya üçün neftin hasilat həcmini azaldıb-azaltmamaqla bağlı məsələləri həll etmək əvəzinə, hasilatı sabit səviyyədə saxlamaq çox vacibdir", - o bildirib.
Staqanronun rəyinə görə, Rusiyanın kartelə daxil olması siyasi mahiyyət kəsb edəcək. "Lakin təcrübədə onun daxil olmasının böyük əhəmiyyəti olmayacaq", - o bildirib.
Rusiya Alfa-Bank-ının neft və qaz üzrə baş analitiki Şirvani Abdullayevin cümə axşamı Moskvadan telefonla Trend -a bildirdiyinə görə, koordinasiya edilmiş hərəkətlər və Rusiyanın OPEK-in tərkibinə daxil olması üzrə əməliyyatlar mümkündür.
"Lakin ümumilikdə Rusiyanın OPEK-ə daxil olmasına tənqidi yanaşıram", - analitik bildirib. Abdullayevin sözlərinə görə, burada əsas məsələ neftin qiymətlərinə nəzarət məsələsidir.
Hazırda əsas məsələ bir neçə ildən sonra maliyyə sisteminin necə olacağından, ABŞ - da maliyyə böhranının nəticələrindən asılıdır, - o bildirib. Abdullayevin sözlərinə görə, OPEK kimi, Rusiyanı da dünya iqtisadiyyatında ciddi yavaşıma baş verdiyi halda, neft bazarının potensial uçma təhlükəsi narahat edir.
"Neftin ortamüddətli qiymətləri ABŞ - ın maliyyə böhranından necə çıxmasından asılı olaraq müəyyənləşəcək", - o bildirib.
Dünya neft hasilatının 42 faizini təmin edən OPEK-in tərkibinə Əlcəzair, Anqola, Venesuela, İndoneziya, İran, İraq, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
2007 - ci ildə OPEK-in təsdiq olunmuş xammal ehtiyatlarında Rusiyanın neft ehtiyatının xüsusi çəkisi 8 faiz olub. Həmin ildə OPEK- in ümumi istehsalında Rusiyanın neft hasilatının xüsusi çəkisi 2,8 faiz təşkil edib.
BP-nin "Dünya energetikasının vəziyyəti haqqında - 2008" hesabatına əsasən, 2008 - ci il yanvarın 1-də OPEK ölkələrinin təsdiq edilmiş neft ehtiyatları 934,7 mlrd. barelə bərabər olub. BP-nin məlumatlarına əsasən, Rusiyanın təsdiq edilmiş neft ehtiyatları 79,4 mlrd. bareldir.
2007-ci ildə OPEK ölkələrində sutkalıq neft hasilatı 35,2 mln. barel olub. Ötən il Rusiyada neft hasilatı 9,9 mln. barel təşkil edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]